Tərlan Əhmədov: “Dedim, ölmüşdüm ki, şəklimi göstərib danışırsınız?” - MÜSAHİBƏ

Tərlan Əhmədov: “Dedim, ölmüşdüm ki, şəklimi göstərib danışırsınız?” - MÜSAHİBƏ
# 23 oktyabr 2020 17:01 (UTC +04:00)

AZAL, “Neftçi” və “Keşlə” klubunun sabiq baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- “Keşlə”yə bürünc medal qazandırdıqdan sonra yeni mövsümün startı ərəfəsində gözlənilmədən ayrıldınız. İndiyə qədər ayrılma səbəbi barədə heç nə deməmisiniz. Bəlkə səssizliyi pozasınız?
- Açığı, “Keşlə”dən ayrılmağım mənim üçün sürpriz oldu. Düzdür, müqavilə müddətim bitmişdi. Martdan isə koronavirus pandemiyasına görə çempionat dayandırılmışdı. Beş aydan sonra – iyulda məşqləri bərpa etdik. Avqustun 8-də isə “Keşlə” ilə yollarımızı ayırdıq, halbuki bundan heç özümün də xəbərim yox idi. Klub prezidenti Zaur Axundovla hələ ilk görüşümüz zamanı demişdim ki, uğur qazandıqca söz-söhbətlər artacaq, badalaq vuranlar çoxalacaq. Əvvəldən bilsəydim ki, çempionatın startına 12 gün qalmış müqaviləm artırılmayacaq, başqa planlarım olardı. Çünki rəhbərliklə böyük planlar qurmuşduq, avrokubokda minimum bir mərhələ keçməyi hədəfləmişdik. Pley-offa qədər irəliləmək və hər mərhələ adladıqda bir yeni oyunçu transfer etmək fikrində idik. Şamaxı toplanışı oldu, Qəbələdə yoxlama görüşləri keçirdik, Bakıya qayıtdıqdan sonra hər şey plan üzrə getdi. Proseslər elə cərəyan edirdi ki, avqustun 8-də “səninlə yollarımızı ayırırıq” demələri yuxuma da girməzdi. Həmin gün günorta dostum zəng vurdu, dedim ki, saat 6-da məşqim var, bazaya gedirəm. Bildirdi ki, axı səni klubdan çıxarıblar. Rəsmi sayta baxdım ki, doğrudan da, yollarımız ayrılıb. Klubun verdiyi iş maşını ilə məşqə yollandım, rəhbər şəxslərdən biri zəng vurdu, əvvəlcə yanlarına getməyimi istədi. Qalxdım klub prezidentinin köməkçisinin yanına. Dedilər ki, dünən axşam telefonuna zəng çatmayıb, buna görə də yollarımızı ayırırıq. Soruşdum ki, telefon sönülü olduğu üçün işdən adam çıxararlar? Bəlkə telefon əlimdən düşüb sınıb və ya xarab olub? Dedi ki, səbəblərdən biri budur, biri də səndən şikayətlərin olması. Yenə sual verdim ki, altı ay futbol olmadı, indiyə qədər şikayət olmadı, çempionatın startına 12 gün qalmış oldu? Tələb elədim ki, şikayət edənləri çağırın, görüm problem nədir? Görünən o idi ki, aranı qarışdırmaq istəyənlər, uğuru həzm edə bilməyənlər var idi. Hər halda bunu iyunda bilsəydim, başqa planlar qurardım. “Neftçi”ni 3-cü yerə çıxaranda da, əvvəlki mövsümdə axırıncı yeri tutan “Keşlə”yə bürünc medal qazandıranda da bunu qısqanan insanlar var idi. İrəlidə gedən adama badalaq vurmaq əzəldən var.

“İllərlə çörək verdiyim insanlar mənə badalaq vurdular”
- Həmin vaxt mətbuatda yayılmışdı ki, ortada 1500-2000 manatın söhbəti olub. Həqiqətən də, vəd olunan maaş artımı olmadığı üçün rəhbərliklə fikir ayrılığınız yarandı?
- İndiyə qədər heç bir prezident deyə bilməz ki, Tərlan maaş söhbəti edib. Prezidentlə baş məşqçi arasında olan bəzi söhbətləri açıqlamaq da kişilikdən deyil. Düzdür, bəzi məsələlərdə tələb etdim ki, əvvəldən belə danışılmışdı, indi niyə əməl olunmur? Amma bu, pul söhbəti ilə bağlı olmayıb. Pul söhbəti edəsi olsaydım, əvvəlcədən deyərdim ki, maaşımı qaldırmasanız təlim-məşq toplanışına getməyəcəm. Əksinə, həmin vaxtlar müqaviləsiz işləyirdim. Sadəcə, bilirdim ki, yaxşı nəticə olanda şər-böhtan da artacaq. Burada başqa qüvvələrin əli oldu. “Liverpul” bu yaxınlarda “Aston Villa”ya 2:7 hesabı ilə uduzanda dünyanın ən yaxşı müdafiəçisi Vircil van Deyk dedi ki, yüksəldikcə yıxmaq istəyənlər çox olur. Əgər İngiltərədə çıxış edən biri bunu deyirsə, deməli, burada analoji durum daha pisdir.

- Adətən məşqçini uğursuzluğa görə göndərirlər, sizi isə uğur qazandıqdan sonra yola salırlar. Badalaq vuranları tapa bilmisiniz?
- Düzünü deyim, qısqanclıqları hiss edirdim. Klubun içində də var idi, kənarda da. İllərlə çörək verdiyim, dəstəklədiyim insanlar badalaq vurdular. Özünüz təsəvvür edin, 6 ay evdə oturursan, sonra mövsümün startı ərəfəsində deyirlər ki, səndən şikayət var. Təlim-məşq toplanışı keçirsən, yeni futbolçular axtarıb tapırsan, sonda da müqavilən uzadılmır. Bunun şokundan hələ özüm də ayılmamışam. Nə baş verdiyi indi də mənə maraqlıdır. Heç vaxt deməmişəm ki, 5 manat alıram, nəticə verəndən sonra 15 manat etməlisən. Hətta deyim ki, öz maaşımı azaltmışdım.

“Ən böyük səhvim öz ətrafımı apara bilməməyim oldu”
- Həm “Neftçi”dən, həm də “Keşlə”dən ayrılmağınız birmənalı qarşılanmadı. Fikirləşmirsiniz ki, bütün bunlar klublarda qeyri-futbol adamlarının çoxluğundan qaynaqlanır?
- Əslində, ən böyük səhv özümdə oldu. “Pro” kateqoriyasını oxuyanda UEFA-nın Nyondakı qərargahında 3 günlük kursa qatılmışdım. Orada məşq prosesləri, mətbuatla davranma qaydası və digər məsələlər barədə UEFA-nın təlimatçısı danışır. Həmişə də dahi məşqçilərdən birini dəvət edirlər, nitq söyləyir, ardından suallar verilir. Bizə təlimatçı kimi “Mançester Yunayted”dən uzaqlaşdırılan David Moyes gəlmişdi. Ona sual verildi ki, “Mançester Yunayted”də nəyi etmədin ki, karyeran qısa alındı? Dedi, ən böyük səhvim o oldu ki, öz ətrafımı apara bilmədim. Mənim də səhvim elə bu oldu. Məşqçi kimi əsas vəzifəm nəticə vermək idi, bunu da bacardım. Baş verənlər isə qaranlıq qaldı. Həm “Neftçi”ni, həm də “Keşlə”ni avrokuboklara çıxardım, amma orda gücümü sınamaq nəsib olmadı. Buna görə düşündüm ki, bəlkə futboldan uzaqlaşsam, daha yaxşı olar.

- Futboldan birdəfəlik getmək nə vaxtsa ağlınızdan keçib?
- Bəli. Nəticə verib və mükafatını almamaq adama yer edir. Mükafat deyəndə avrokuboka yollanmağı nəzərdə tuturam.

“Əgər vaxtında futbolçulardan pul yığsaydım, indi avtomobillərim olardı”
- Etiraf edin ki, sizin işlədiyiniz yerlərdə klubdaxili məsələlər kənara çox sızdırılıb. “Keşlə”dən ayrılmağınız ərəfəsində də söz-söhbət gəzdi ki, Tərlan Əhmədov futbolçularla yola getmir. Bu, məlumatın yayılması planlı edilmişdi, yoxsa, həqiqətən də, oyunçularla dil tapa bilmirsiniz?
- Hansısa futbolçu heç vaxt məndən şikayət edə bilməz. Onlara kiçik qardaşım gözü ilə baxmışam və bunu həmişə özlərinə demişəm. Bəli, nizam-intizamda çox sərtəm. Nə qədər özümə tələbkaramsa, bir o qədər də işçilərə tələbkaram. Bu da çoxlarının xoşuna gəlmir. AZAL-da işləyəndə büdcəmiz 146 min manat idi. Şayiə gəzirdi ki, Tərlan Əhmədov futbolçulardan pul yığır. Hazırda ən istedadlı futbolçumuz olan İsmayıl İbrahimlini 2015-ci ildə “Qarabağ”a qarşı 15 dəqiqə meydana buraxmışam. Onun maaşı 100 manat idi. Ən çox maaş alan isə 700 manatla kapitan Seymur Əsədov idi. Həmin məlumatı yayan insana futbolçuların maaş cədvəlini göstərib soruşdum ki, bunlardan nə qədər pul ala bilərəm axı? Həmişə çalışmışam ki, futbolçular normal həyat sürsünlər. Çünki biz pulsuzluq dönəmində futbol oynamışıq. Ukraynaya gedib gələndən – 30 yaşımdan sonra həyat tərzimi normallaşdıra bildim. Avropa çempionluğum belə sənəd üzərində idi. 100 illik futbol tarixi ilə bağlı tədbir keçirildi, heç ora çağırılmadım. Səbəbini soruşanda dedilər ki, gəlməsən də, adını çəkdilər, şəklini göstərdilər. Dedim, ölmüşdüm ki, şəklimi göstərib danışırsınız? Həm futbolçu, həm də məşqçi dönəmindən təzyiqlər hiss etmişəm. Bu da özümdən qaynaqlanır. Görünür həddindən artıq düzgünlüyü tələb etməyim buna yol açır. Bəlkə kimlərləsə əlbir olub, hansısa işə əl atmadığım üçündür. Mən indi ictimai nəqliyyatda gəzirəm. Əgər vaxtında futbolçulardan pul yığsaydım, indi avtomobillərim olardı.

- “Keşlə”dən ayrıldıqdan sonra prezident Zaur Axundovla görüşüb qərarın səbəbini soruşdunuz?
- Xeyr, görüşmədim. Əgər görüşmürlərsə, köməkçi çağırıb qərarı deyirsə, buna cəhd eləməyə ehtiyac qalmır.

“Komandam mehribanlıq sayəsində uğura nail olub”
- Yunis Hüseynov “Keşlə”dəki ilk oyunlardan sonra fiziki durumdan gileyləndi və komanda daxilində ab-havanı düzəltməyə çalışdıqlarını dedi. Maraqlıdır, avrokuboklara vəsiqə qazanan komandada ab-hava necə yaxşı deyildi?
- O sözü deyibsə, təbii qarşılamalıyıq. Bu onun fikridir. İnsanlar çox söz deyə bilərlər. Gördüyü odursa, deyibsə, hörmətlə yanaşmalıyıq. Amma mənim futbol oynadığım vaxtda da, məşqçilik etdiyim dönəmdə də komanda mehribanlıq sayəsində uğura nail olub. Fiziki cəhətdən isə heç vaxt heç bir rəqibdən geri qalmamışıq.

“Demişdim ki, bu heyətlə çempionluğa oynamaq olar”
- Aleksandr Kristovao klubdan icazəsiz Azərbaycandan getdi, hətta Yunis Hüseynovla bir-birlərini qarşılıqlı ittiham etdilər. Anqolalı hücumçu sizin vaxtınızda da intizamsız idi?
- Onda elə bir intizamsızlıq görməmişəm. Sadəcə olaraq, pasport problemi olduğu üçün bir həftəlik getmək istəyirdi. Səhv eləmirəmsə, Niderland pasportu almalı idi. Oyunlara az vaxt qaldığı üçün biz icazə verməmişdik. Sonrakı mərhələdə nələrin yaşandığını bilmirəm.

- “Keşlə”də tam istədiyiniz futbolçu heyətini yığa bilmişdiniz?
- İstədiyimiz oyunçuların hamısı gəlmişdi, qalanları da gəlməli idi. Alvaro Tavares, Silvio Rodriges məndən sonra gəldi. Amma hamısını mən istəmişdim. Mən gedəndən sonra gətirilən futbolçular da mənim təqdim etdiyim siyahıdakılar oldu.

- “Keşlə” 6 turdan sonra Premyer Liqada 4-cü pillədə qərarlaşır. Siz qurduğunuz kollektivlə nəyə iddia edərdiniz?
- Açığı, komandanı yığandan sonra məşqçilər korpusu ilə görüşəndə demişdim ki, bu heyətlə çempionluğa oynamaq olar. Ötən mövsüm 3-cü yeri tutmuşduqsa, öz qarşıma qoyduğum hədəf ilk iki pillə idi.

“Arxasında durduğum insanlar bu gün yoxa çıxıblar”
- “Keşlə”dən ayrıldıqdan sonra klubdan sizinlə əlaqə saxlayıb təəssüfünü bildirən oldu?
- İşçi heyətindən, futbolçulardan çoxları zəng elədi. Amma dəstək verdiklərimin çoxu axtarmadı. İllərlə çörək verdiyim, Premyer Liqaya gətirdiyim, arxasında durduğum insanlar bu gün yoxa çıxıblar, adama bir salamı qıymırlar.

- Azərbaycanlı məşqçilərin ölkə xaricinə çıxmasına nə mane olur? Məsələn, siz özünüz niyə Türkiyədə, Rusiyada gedib işləyə bilmirsiniz?
- Düzünü deyim ki, bizim normal menecerimiz yoxdur. Məşqçilərin Avropaya çıxması üçün yaxşı menecer vacibdir. İkincisi, gördüyümüz işi tam yekunlaşdıra bilirik ki, reklamımız da olsun. “Neftçi”də, “Keşlə”də çox istədim avrokubokda özümü göstərim. Bəlkə, həqiqətən də, ora mənə görə deyil? Komandanı düzəldirəm, nəticə verirəm, avrokuboka çatanda dayandırılıram.

- Bəlkə klub karyeranıza fasilə verib, yığmalardan birində özünüzü yoxlayasınız?
- Hara məsləhət görsələr, gedib orada da işləyirik. Bizim işimiz budur. Amma təklif yoxdursa, özümdən necə deyim ki, yığmada işləyə bilərəm? Bu günlərdə söz-söhbət gəzirdi ki, AFFA Tərlan Əhmədova iş verəcək. Nə zəng edən olub, nə təklif göndərən. Bu xəbərlərin haradan çıxdığını bilmirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR