Tərlan Əhmədov: “Sabah”dakı nəticəni yerli məşqçi göstərsəydi, karyerasını bitirərdi” - MÜSAHİBƏ

Tərlan Əhmədov: “Sabah”dakı nəticəni yerli məşqçi göstərsəydi, karyerasını bitirərdi” - MÜSAHİBƏ
# 25 dekabr 2020 16:07 (UTC +04:00)

“Neftçi” və “Keşlə” klubunun sabiq baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

“Çempionat maraqlı alınmadı”
- “Keşlə”dən ayrıldıqdan bəri işsizsiniz. Yaxın gələcəkdə karyeranızda bir yenilik gözlənilirmi?

- Açığı, heç bir təklif yoxdur. Məşqçilik elədir ki, kənarda qalanda gözləməlisən. Sadəcə olaraq, çempionatı izləyirəm, özüm üçün oyunları təhlil edirəm, futbolçularla bağlı qeydlər götürürəm. Həmçinin işlədiyim müddəti təhlil edirəm ki, nəyi düz etmədim, harada hansı addımı atmalıydım. Bunları müəyyənləşdirməliyəm ki, gələcəkdə yenidən eyni problemlə üzləşməyim.

- Dediniz ki, çempionat oyunlarını izləyirsiniz. Geridə qalan 13 turluq mübarizə barədə düşüncələriniz nələrdir?
- Çempionat o qədər baxımlı, maraqlı alınmadı. Məlumdur ki, “Qarabağ” mövsümün əvvəlində əsas fikrini avrokuboklarda qrupa düşməyə yönəldir, yüksəldikdən sonra da orada xallar qazanmağa çalışır. Düzdür, bu mövsüm uğursuz alındı. Amma bu da təbii haldır. Çünki yeni gələn əcnəbilər uyğunlaşma prosesini tam geridə qoymamışdılar. Bəziləri düşünürdü ki, “Qarabağ”da geriləmə var. Ancaq sonrakı mərhələdə göründü ki, həm oyun, həm futbolçu keyfiyyəti, həm ehtiyat qüvvə baxımından “Qarabağ” Azərbaycanda hamını üstələyir. Hələ bir oyunları da ehtiyatdadır, “Səbail”ə qalib gəlsələr, liderliyə yüksələcəklər.

“Əvvəlki mövsümlərdə heç olmasa Avropa səviyyəsinə yaxın 5-6 oyun olurdu”
- Birinci pillə ilə sonuncu yerdəki komanda arasında 11 xallıq fərq var. Bu rəqabət yüksək fikirlər səsləndirmək üçün yetərlidirmi?

- Şəxsən mən çempionatda keyfiyyətli rəqabət izləmədim. Ötən mövsüm bu baxımdan fərqli keçirdi. İndi klubların, demək olar ki, hamısı eyni səviyyədədir. Baxımlı futbol görmədik. Əvvəlki mövsümlərdə heç olmasa digərlərindən fərqlənən, Avropa səviyyəsinə yaxın 5-6 oyun olurdu. Amma cari mövsüm nə bir baxımlı matç, nə də komandalardan yüksək keyfiyyət gördük. Bəlkə də, koronavirus pandemiyasının da təsiri oldu. Ancaq nəzərə alaq ki, bu pandemiya təkcə Azərbaycanda yox, bütün dünyada var. Bu virusu bəhanə gətirib, sui-istifadə etmək olmaz. Bu gün açıq havada idman yarışlarına icazə varsa, deməli, futbolda mübarizə aparmaq, inkişaf etmək olar. Bütün dünyada inkişaf gedirsə, bizdə niyə olmasın? Komandaların iki bərabər səviyyəli heyəti olmalıdır. Avropanın əksər klublarının heyəti zəngin olduğundan, pandemiya dönəmində sıxıntı yaşamadılar. Bizdə adicə bir futbolçu olmayanda çətinlik yaranır. Məsələn, “Sumqayıt”ın hücumçusu Əli Qurbanı gələn kimi qolları sıralamağa başladı, hətta milliyə də çağırıldı. Amma indi Qurbani zədəlidir, “Sumqayıt” hücumçu tapa bilmir. Digər komandalarımızda da bu problemlər var. Bəlkə də, klublar düzgün balanslaşdırılmayıb və ya maliyyə problemi yaşayırlar. Bu baxımdan yalnız “Qarabağ” istisnadır. Əgər inkişaf etməliyiksə, nələrisə dəyişməliyik.

“Hələ də əcnəbi məşqçidən yapışmışıq”
- “Neftçi” Samir Abasovun gəlişindən sonra uğurlu nəticələr göstərməyə başladı və qış fasiləsinə lider kimi yollandı. “Neftçi” fanatları hətta Roberto Bordinin dönəmindəki güclü heyətə indiki qədər inanmırdılar. Yerli mütəxəssis amilinin bunda rolu varmı, yoxsa Abasovun fəaliyyətinə qiymət vermək üçün hələ tezdir?

- Düzdür, Samir uğurlu başlanğıc etdi. Bu da onun işini bacardığını göstərir. Ancaq məşqçinin işinə 1-2 oyunla qiymət vermək olmaz, mövsümün yekununu gözləmək lazımdır. O ki qaldı yerli-əcnəbi müqayisəsinə, yerli məşqçilər hər zaman uğurlu olub. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə ilk dəfə düşəndə Böyükağa Hacıyevlə biz işləyirdik. Ardından Qurban Qurbanov bu uğuru göstərdi. Əcnəbilərdən yalnız Roman Qriqorçuk “Qəbələ” ilə bunu bacarıb. Tərifləmək kimi çıxmasın, sonuncu yerlərdə gedən komandaları verirlər ki, Tərlan, normal futbol oynat. Tələbləri sonuncu yeri tutmamaq olur, amma mən avrokuboka vəsiqə qazandırıram. Sonda da yeni müqavilə bağlanılmır. Bütün dünyada yığmaların 98 faizini yerli mütəxəssis çalışdırır. Böyük millilər yerlilərlə dünya və Avropa çempionu olublar. Heç uzağa getmirəm, Rusiya, Türkiyə, Gürcüstan, hətta məlum düşmənlərimiz yerli mütəxəssislə uğurlu çıxış ediblər. Amma biz hələ də əcnəbidən yapışmışıq. Nəticə yoxdur, yenə də vaxt verirlər. Amma yerli mütəxəssis olanda deyirlər ki, vaxtın yoxdur. Hətta birinci diviziondan Premyer Liqaya çıxan komandanın baş məşqçisindən də dərhal nəticə tələb olunur. Əcnəbilərə nə vaxta qədər şans veriləcək? Həm maddi itkilər olur, həm də nəticə dəyişmir. Karlos Alberto Torresdən üzü bəri nə Berti Foqts, nə Robert Prosineçki, nə Nikola Yurçeviç, nə də hazırkı baş məşqçi Canni de Byazi uğurlu olub. Əvəzində hər dəfə toplanışlar da daxil olmaqla milyonlarla pullar xərclənir. Bəlkə də, menecerimizin olmamasının, müqavilə şərtlərinə əlavə bəndlər salmamağımızın bütün bunlara təsiri var. Samir Abasov da yerli mütəxəssisdir, “Neftçi”də alqışalayiq başlanğıc edib.

“Maddi baxımdan “Qarabağ”, “Neftçi” və “Sabah”ı bir təbəqədə göstərmək olar”
- Müqayisə aparmışkən, Premyer Liqamızdakı yeganə əcnəbi baş məşqçi “Sabah”dadır. İspaniyalı Visente Qomesin komandası hazırda son pillələri bölüşür. “Sabah”ın hazırkı heyəti buna layiqdirmi?

- “Sabah”ın yerli futbolçularının çoxu milli üzvləridir. Amma oyun keyfiyyətləri klubda olduğu kimi, yığmada da aşağı düşüb. Məsələn, Ramil Şeydayev Azərbaycana gələndə yaxşı səviyyədə idi. Onun oyununa indi baxanda adamın ürəyi ağrıyır. Həmçinin Bəhlul Mustafazadə, Ruslan Abışov, Coşqun Diniyevin də oyununda eniş var. Deməli, burada məşqçi işi zəifdir. Əgər klub maliyyə, təşkilat tərəfini həll edirsə, futbolçuya hər cür şərait yaradırsa və nəticədə son pillədə yer alırsansa, deməli, məşqçinin işində düzgün istiqamət yoxdur. Və ya baş məşqçi kollektivlə hansısa problem yaşayır ki, komanda bu duruma düşüb. Halbuki həm heyət, həm də maddi baxımdan “Qarabağ”, “Neftçi” və “Sabah”ı bir təbəqədə göstərmək olar. Əvəzində “Sabah” oyun baxımından, bəlkə də, hamıdan geridədir. Azərbaycanın ən yaxşıları, üzdə olanları cəmləşib ora.

- Yerli məşqçi bu nəticə ilə qış fasiləsini görə bilərdimi?
- Xeyr, “Sabah”dakı bu nəticəni yerli məşqçi göstərsəydi, nəinki bu qədər qalmazdı, ümumiyyətlə, karyerasını bitirərdi. Çünki vaxtında bu söz mənə deyilib. Deyirdilər ki, komandanı yüksək pillələrə qaldırsan, səni əlimizdə gəzdirəcəyik, əks təqdirdə, karyeran bitəcək. Yerlilərdən tələb daha çox olur. Nəticə verən məşqçilər kənarda qalır. Bəzən düşünürəm ki, bəlkə elə 4-5-ci yerləri tutmaq yaxşıdır? Çünki artıq nəticə bir o qədər önəm daşımır. Digər tərəfdən əcnəbilər burada bizdən fərqli olaraq FİFA müqaviləsi bağlayırlar. Biz bağlasaq belə, sonradan harasa şikayət etsək, xain elan olunarıq.

“Keşlə”nin 7-ci pillədə qərarlaşması ürəyimi ağrıdır”
- Ötən mövsüm bürünc mükafat qazandırdığınız “Keşlə” də hazırda “Sabah”la birlikdə son sıralardadır. Bu dərəcədə eniş nə ilə bağlı ola bilər?
- Bu, mübarizədir, biri çempion olmalıdır, biri sonuncu yeri tutmalıdır. 20 komandalı çempionat olsa belə, vəziyyət dəyişmir. Amma oyun baxımından “Keşlə”də geriləmə olduğu görünür. Mənə çatmayan əcnəbi futbolçuların mövsümün gedişində yola salınması oldu. Pandemiya dövrüdür, müxtəlif xəstəliklər və zədəlilər olur. Daha geniş heyətə ehtiyac olduğu bir məqamda həmin oyunçuların gedişi gözlənilməz idi. Bəlkə qış fasiləsində daha güclü futbolçular gətirib, uğurlu strategiya seçəcəklər. “Keşlə”nin 7-ci pillədə qərarlaşması şəxsən mənim ürəyimi ağrıdır. Orada zərrə qədər də olsa əməyim var, bu komandanı aşağılarda görməyi istəməzdim.

- Son olaraq mövsümün ikinci yarısından gözləntiləriniz nələrdir?
- Çempionluq yarışı üç komanda - “Qarabağ”, “Neftçi” və “Zirə” arasında gedəcək. Mən “Qarabağ”ı daha şanslı görürəm. “Neftçi” 2-3 yaxşı əcnəbi ilə heyətini gücləndirsə, “Qarabağ”la mübarizə apara bilər. Xüsusən də, hücum xəttinin güclənməsinə və müdafiədəki problemlərin həllinə ehtiyac var. Belə olarsa, sona qədər “Qarabağ”la “Neftçi” arasında çempionluq mübarizəsi izləyə bilərik.

Ruslan Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR