Vaqif Sadıqov: “Uzun müddətdir arzuladığımız mənzərədir” - MÜSAHİBƏ

Vaqif Sadıqov: “Uzun müddətdir arzuladığımız mənzərədir” - MÜSAHİBƏ
# 20 yanvar 2021 10:34 (UTC +04:00)

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında qış fasiləsi artıq başa çatır. İndiyə qədərki mübarizəni necə dəyərləndirmək olar, oyunlar ürəyinizcə keçdi?
- Həmişə rəqabətli çempionat arzulamışıq. Bu gün də deyə bilərik ki, nə aşkar favorit, nə də autsayder var. Bu da rəqabətdən qaynaqlanır. İnanıram ki, bunun davamını görə biləcəyik.

- Komandaların çıxışına ayrı-ayrılıqda qiymət versəniz, kimləri fərqləndirə bilərsiniz?
- “Zirə” çempionata əlavə rəng qatdı. Rəşad Sadıqovun baş məşqçi təyinatından sonra tam fərqli oyun sərgiləyirlər və liderlər qrupunda təsadüfən yer almadıqlarını sübut ediblər. “Qəbələ”nin böyük islahatlara əl atmasına baxmayaraq, hər matçda sona qədər mübarizə aparması sevindirici haldır. Digərləri kimi, “Qəbələ” də avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq gücündə olduğunu göstərməyə çalışır. “Sabah” ardıcıl uğursuz oyunlara baxmayaraq, son görüşlərdə toparlanaraq, lazım olan xalları qazanmağa başladı. Onlar da növbəti mərhələdə rəqabətin içində olacağını göstərdilər. Heç kim təslim olmaq fikrində deyil. Bütün klubların iddialı olması həm onların, həm də futbolçuların böyüməsinə yol açır. Hamı avrokuboklara can atır, bu da uzun müddətdir arzuladığımız mənzərədir. Cari mövsüm həm də onu göstərdi ki, təcrübəli futbolçular ikinci gəncliyini yaşayırlar. Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov, Vurğun Hüseynov kimi oyunçular yenidən əvvəlki oyunlarını göstərməyə başlayıblar. İnanıram ki, Kamran Ağayev də dönüşü ilə Azərbaycan futboluna hələ lazım olduğunu sübut edəcək.

- Rəqabət baxımından maraqlı çempionat getdiyi göz önündədir. Bəs keyfiyyətə koronavirus pandemiyasının təsiri oldumu?
- Koronavirusun təkcə futbola yox, bütün sahələrə təsiri oldu. Ancaq futbolumuz pandemiya ilə mübarizədən üzüağ çıxdı. Bir dəfə qısamüddətli fasilə oldu. Futbolçuları qorumağımız üçün bu, vacib idi. Düşünürəm ki, klublarımız hazırda ən yaxşı vəziyyətdə ikinci yarıya hazırdırlar. AFFA, PFL və klublar vəziyyətdən çıxış yolunu vaxtında tapmaqla çempionatın davamına nail oldular.

- Qış fasiləsi həm qısa çəkdi, həm də klublar toplanışı ölkə daxilində keçdilər. Bu amilin mövsümün ikinci yarısına mənfi təsiri ola bilərmi?
- İlk dəfədir ki, qış fasiləsi uzun sürmədi. PFL-in indiki məqamda bu addımı yerində idi. Klublar da çox istirahətdə çox olmadıqlarından, formanı bərpa etməyə az müddət bəs edər. Düzdür, ilk turlarda istədiyimiz performansı bəlkə görməyəcəyik. Ancaq qısa müddətdə komandalar pik vəziyyətlərinə gələcəklər. Hava şəraiti və ümumi vəziyyət klublara ölkə daxilində normal təlim-məşq toplanışı keçirməyə imkan verdi. Düzdür, başqa ölkələrin komandaları ilə yoxlama görüşləri olsaydı, daha yaxşı olardı. Son illər ilk dəfə belə alındı. Bu addımın özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək. Ancaq fikrimcə, böyük bir təsiri olmayacaq.

- Çempionatında bundan sonrakı mərhələsindən gözləntiləriniz nələrdir?
- Bayaq da qeyd etdiyim kimi, klubların heç biri avrokuboklara vəsiqə şansını itirməyib. Qarşıda hələ 15 tur var. Çempionluğa əsas namizəd kimi seçilən komandalar var. Ancaq düşünürəm ki, bu mövsüm heç kim rahat çempionluq qazanmayacaq. Arzu edirəm ki, layiq olan komandalar avrokuboklara yollansınlar və ölkəmizi uğurla təmsil etsinlər. Son tura qədər gərgin mübarizə izləyəcəyimizi güman edirəm.

- “Qarabağ” adətən Avropa Liqasının qrupundakı iştirakına görə mövsümün ilk yarısında çempionatda çox güc sərf etmir, qış fasiləsindən sonra sürət yığaraq çempion olur. “Neftçi”, nəhayət ki, bu tilsimi qıra biləcəkmi?
- “Neftçi”nin son oyunlardakı performansı və nizam-intizamı ilə bu potensiala malik olduğunu göstərdi. Təkcə “Neftçi” yox, “Zirə” də, “Sumqayıt” da yaxşı vəziyyətdədir. Komandaları bir-birindən çox da ayırmaq istəmirəm. Düşünürəm ki, onlar “Qarabağ”la başabaş mübarizə apara və çempionluğa iddialı ola bilərlər. Sizin də qeyd etdiyiniz kimi, “Qarabağ” Avropa arenasında olarkən tez-tez çempionat matçlarında heyətdə rotasiyalar edirdi. Bu da xal itkilərinə gətirib çıxarırdı. Yenə bu ssenarinin təkrarlanıb-təkrarlanmayacağını zaman göstərəcək. Ancaq mənim fikrimcə, bu mövsüm çempion komanda bunu rahatlıqla əldə edə bilməyəcək. Həmçinin Avropa Liqasına vəsiqə qazanacaq komandalar da gərgin mübarizə içində olacaqlar.

- Üçüncü pillədəki “Zirə” heyəti yayda yenidən yığılmasına baxmayaraq, bu gün çempionluğa namizəd sayılır. Qəsəbə komandası bu çıxışını sona qədər davam etdirə biləcəkmi?
- İlk növbədə Rəşad Sadıqov amili burada böyük rol oynayır. Yayda transfer edilən futbolçular “Zirə” üçün yeni olsalar da, Rəşadın tanıdığı simalardır. Onların çoxu gənclər yığmasında Rəşadın rəhbərliyi altında çıxış edib. Diqqət yetirdinizsə, əcnəbi transferlərin əksəriyyəti də burada oynamış futbolçulardır. Klesio Bauk, Davit Volkov, Riçard Almeyda kimi oyunçuları qeyd edə bilərəm. Rəşad öz oyun modelinə uyğun oyunçulardan ibarət mübariz kollektiv seçməyi bacardı. Ancaq böyük hədəfləri olan komanda yerində saymamalıdır, gündən-günə inkişaf etməlidir. “Zirə” öz transfer siyasətini davam etdirməklə heyətdə güclü rəqabət yaratmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR