Vidadi Rzayev: “Onların yeri həbsxanadır” - MÜSAHİBƏ

Vidadi Rzayev: “Onların yeri həbsxanadır” - MÜSAHİBƏ
  • Clock-gray 10:47
  • calendar-gray 22 Yanvar 2020

"Neftçi"nin sabiq futbolçusu, hazırda "Kəpəz"də məşqçi kimi çalışan Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

- "Kəpəz"dəki işləriniz necə gedir? Komandanın qarşıdakı mövsümdən Premyer Liqada oynamaq şansı nə qədərdir? 
- Biz də Premyer Liqaya qayıdacağımızı ordan-burdan eşidirik. Amma hələ ki, komandanın yüksək liqada oynayıb-oynamayacağı barədə dəqiq bir şey deməyiblər. Hər halda istəyərdik ki, çempionatda bölgə komandaları da olsun. Mən təkcə Gəncə, Tovuzu yox, başqa bölgələrin də klublarının liqamızda oynamasının tərəfdarıyam. Klubların sayı artsa yaxşıdır.

- Komandaya yaradılan şəraitdən razısız?
- Hələ ki, yeni süni meydança saldılar və burada məşq edirik. Biz də bazamızın düzələcəyini, sökülüb yenisinin tikiləcəyini eşidirik. Bundan başqa dəqiq heç nə yoxdur. 

- Komanda I divizionda səkkizinci pillədə qərarlaşıb. Qışdan sonrakı məqsədiniz nə olacaq?
- Nə qədər şansımız varsa, o qədər irəli getmək istəyirik. Bizdən yuxarıdakı klublarla xal fərqimiz o qədər yüksək də deyil. Hər halda, çempionatda yaxşı yerlərdən birini tutmağa çalışacağıq. 

- I diviziondakı oyun alqı-satqısı məsələsi futbolumuzu silkələdi. Bu məsələ haqda nə deyə bilərsiz?
- Hələ araşdırmalar davam edir. Bizim vaxtımızda "Kəpəz"də belə şeylərin olması mümkün deyil, bundan sonra da buna inanmıram. Belə iş görənlərin yeri həbsxanadır. Nə qədər pula hərislik kimi görünsə də, həqiqətən də cinayət işidir. Futbolu o səviyyəyə gətirib çıxarmaq olmaz.

- "Neftçi" rəhbərliyi Roberto Bordini istefaya yolladı. Sizcə gecikmiş addım deyildi?
- Bəli, hamı da deyirdi ki, Bordin getməlidir. Məncə, bir az gecikmişdi. "Neftçi" avrokuboklarda 2 mərhələ keçə bildi. Halbuki bu cür komandanın qruplara düşməsi lazım idi. Çıxa bilmədilərsə, ondan sonra getməli idi. Azərbaycan çempionatında səkkiz komanda arasında birinci yeri tutmaq üçün oynayırsan da, ikinci yeri kiminlə istəsən tutmaq olar. O, "Qarabağ"a müqavimət göstərə bilmədi. Ötən mövsüm Ağdam təmsilçisi xal fərqini aradan qaldırıb çempion oldu. Ona görə elə avrokuboklardan sonra Bordini göndərmək məqsədəuyğun idi. "Neftçi" heç elə də baxımlı futbol da oynamırdı. Onların oyunundan çox da xoşum  gəlmirdi. Ötən mövsüm Yunis Hüseynov da demişdi ki, "Qarabağ" "Neftçi"ni keçib çempion olacaq. Bu da baş verdi. Oyunu ilə də "Qarabağ" onu göstərmişdi. 

- Yəni Roberto Bordinin "Neftçi"yə faydası dəymədi? 
- Futbolda ən vacib işlərdən biri seleksiyadır. Onlar da gedib "Qəbələ"dən oyunçular gətirdilər. Daha sonra Canluka Sansoneni transfer etdilər. Mənə görə, o, lazımsız, yersiz transfer idi. Bu cür səhvlər sonda baş məşqçinin başında çartlayır. Necə transfer edib, başa düşmək olmurdu.

- "Neftçi"də baş məşqçi funksiyasını mövsümün sonuna kimi Füzuli Məmmədov yerinə yetirəcək. O, komandanı toparlaya biləcək?
- Füzuliyə uğurlar arzulayıram. Komandanın içində olan adamdır. Elə baş məşqçi postunda qalar, işini davam etdirər. Amma necə olacaq, bilmirəm, komandanın içində onlardır. Füzuli Bordinin köməkçisi işləyib, onun harada səhv etdiyini bilir və təkrar etməməyə çalışacaq. Əgər uğurlu olarsa, davamı gələcək. 

- Bu dəyişiklikdən sonra "Neftçi" çempionluq mübarizəsinə davam edə biləcək?
- Təbii ki, bunlar hamısı qış fasiləsindən sonra dəqiqləşəcək. Amma mən çempionatda "Neftçi"nin oyununa baxanda görürdüm ki, komandada nizam-intizam istənilən səviyyədə deyildi. Kimi arxaya qayıdırdı, kimi də nə istəyir edirdi. Oyundakı intizamsızlıq göz çarpırdı. Yəqin ki, kənarda da intizam yox idi. Dario Frederiko nə etmişdisə, onu əvəzedici heyətə göndərmişdilər. Bunlar hamısı nizam-intizamın yaxşı səviyyədə olmadığını göstərir. Nizam-intizam olmayan yerdə nəticə heç vaxt ola bilməz. Yəqin ki, Roberto Bordin hardasa səhv buraxıb. Adicə Baqali Dabonun Roman Qriqorçukun vaxtında "Qəbələ"dəki oyunu tamam başqa idi, "Neftçi"də tamam başqadır. "Neftçi"də necə istəyir oynayır, öz kefindədir. Tək Dabo yox, çoxu elə idi. 

- Füzuli Məmmədov bu intizamsızlığı aradan qaldıra biləcək?
- Bu onun özündən asılıdır. Onun məşqçilik qabiliyyətinə bələd olmadığım üçün bir söz deyə bilmərəm. Zaman göstərəcək. Oyunlar başlayanda nəyin necə olacağını görəcəyik.

- "Neftçi" yoxlama görüşlərində Roberto Bordinin rəhbərliyi altında LSK-ya 0:4, Füzuli Məmmədovun rəhbərliyi altında isə Kiyev "Dinamo"suna 1:2 uduzdu. Oyunları izlədiniz?
- Birinci oyuna baxdım. Bilirsiz, baş məşqçi dəyişiləndə oyunçular, komanda silkələnir. Özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Çünki komandanı tərk etmək qorxusu da olur. Bəlkə də onun qorxusundan oynayırlar. Bəlkə də Roberto Bordinlə kiminsə problemi olub. 

- Milli komandamız hələ də baş məşqçisiz qalıb. Sizcə, bu post kimə etibar olunmalıdır?
- Nikola Yurçeviç gələndə hamı ehtimal edirdi ki, uğursuz alınacaq. Millətlər Liqasında yığma uğursuz çıxış etmişdi. Yurçeviç futbolçuları götürüb, 180 dərəcə dəyişəsi deyil ki... Onlardan başqa oyunçularımız var ki? Ona görə də kənardan baş məşqçi gətirməyə ehtiyac yoxdur. Gücü uşaq futboluna vermək lazımdır. Yenilər yetişməlidir, inkişaf etməlidir. Onların şəraitini düzəltmək lazımdır, Yurçeviçə və ya bir başqasına o qədər pul vermək lazım deyil. Üç, beş xal yığmaqla yaramız sağalacaq? Mən gəlim, yığım üç xalı, sonra? Axı bununla yara sağalmır. 50 dollara oynayanda da 7-8 xalı yığırdıq, 150-200 minə də eyni mənzərə. PRO kateqoriyasının buynuzu var? Bunu xarici də oxuyur, bizimkilər də. Sadəcə özümüzünkülərə inanmaq, şərait yaratmaq lazımdır. Hazırkı vaxtda əcnəbi çalışdırıcıya pul verib gətirmək artıq xərcdir. Əsas millimiz final mərhələsinə çıxa bilmədi, U-21, U-19, U-17 uduzur. U-15 yığmasını da hesablasan neçə il edəcək? 8-9 il də belə getdi. Oturaq gözləyək ki, daha 8-9 ilə 20-25 futbolçu çıxacaq? Komandalarımızın hamısı uduza-uduza gəlir, elit-raunda bir yığmamız belə çıxmadı. Bunlar gəlib A millisində nə edəcək? Dövlət başçısı futbolun inkişafına dair 10 illik proqram imzalamışdı. Onu yaxşı, sərfəli, səmərəli şəkildə istifadə etmək lazım idi. İndi də əziyyət çəkməməliydik. Ancaq indi hamı damcıdan tutub ki, ondan birtəhər futbol düzəldək. Biz o vaxtı Türkiyəyə gedəndə, onlar yaxşı söz deyirdi. Deyirdilər ki, məsələn, dövlət bizə 10 lirə ayırırdısa, onun 9-nu biz yeyirdik, 1-ni futbola xərcləyirik. İndisə 9-nu futbola, 1-ni özümüzə xərcləyirik. Ona görə də onların futbolu belə yüksəldi. Yəni bunların hamısını hesablamaq lazımdır ki, sonda əsas millimiz yaxşı durumda olsun. Hamısı zəncirvaridir. Məşqçiləri də qınamıram, hərənin özünə görə biliyi, savadı var. Sadəcə sistemi elə qurmaq lazımdır ki, futbolumuz inkişaf etsin. Futbolumuzu, həmin ayrılan vəsaiti Bakıdan kənara çıxarmaq lazım idi. Əvəzedici heyət birinci divizionda oynamamalıdır. Bilmirəm, nəyə görə rayon komandalarını birinci diviziona buraxmırlar. Bəlkə də bu oyun alqı-satqılarından ehtiyat etdikləri üçün bu addımı atırlar. Amma yəqin ki, futbolda da təmiz adamlar qalıb. Mingəçevir, Quba, Qusar, Masallı, Lənkəran kimi futbola sevgisi olan bölgələrimiz var. Çıxış yolu tapmaq lazımdır. Bölgələrdə çoxlu komandalar olmalıdır. Ən azından birinci divizionda oynamalıdırlar. Nəsə çıxış yolu tapıb, futbolumuzu qaldırmaq lazımdır.

ApaSport

Digər xəbərlər

Arxiv

date