Yunis Hüseynov: “O vaxt hər oyunda qol vurmağım heç yadıma da düşmürdü”

Yunis Hüseynov: “O vaxt hər oyunda qol vurmağım heç yadıma da düşmürdü”
# 14 mart 2020 17:43 (UTC +04:00)

"Apasport” kollektivinə təşəkkür edirəm ki, məni dünyaya tanıdıb, bunları işıqlandırıb. Sizin sayənizdə bütün dünyada bu siyahıya baxanda görürlər ki, orada azərbaycanlı futbolçunun da adı var. Hər halda bu cür tarixi faktları araşdırıb ortaya çıxarmaq asan deyil".

Bunu apasport.az saytına veteran futbolçu Yunis Hüseynov dünya futbolçularının ardıcıl qol seriyası ilə bağlı siyahısına adının salınmasına münasibət bildirərkən deyib.

İlk müstəqil Azərbaycan çempionatında - 1992-ci il mövsümündə ardıcıl 12 matçda qol vuran Hüseynovun "Neftçi"nin heyətində Sumqayıt "Xəzər"i ilə birinci tur görüşündən başlayan seriyası bu komanda ilə növbəti qarşılaşmaya qədər davam edib. 55 yaşlı mütəxəssis uzun müddət həmin seriyadan xəbərsiz olduğunu etiraf edib: "İnanırsız, o vaxt hər oyunda qol vurmağım heç yadıma da düşmürdü. Bir dəfə haradasa çıxmışdı ki, Yunis Hüseynov ardıcıl 12 oyunda qol vurub. Bunu həmin vaxt bilmişəm".

Hüseynov "Xəzər"ə qarşı hər iki oyunu yaxşı xatırladığını əlavə edib: "Azərbaycan çempionatları tarixində vurduğum ilk qol hələ də yadımdadır. "Xəzər"lə görüşdə penaltidən fərqlənmişdim. Rəqibin qapısını Elxan Həsənov qoruyurdu. Onların güclü heyəti var idi. "Neftçi"də olan futbolçuların əksəriyyəti ora keçmişdi. Heyətlərində Vaqif Sadıqov, Yaşar Vahabzadə, Elxan Həsənov kimi oyunçular var idi. Penalti zamanı da topu sol tərəfə vurmuşdum. "Xəzər"ə Sumqayıtdakı oyunda isə məğlub olduq. Düzdür, o görüşdə qol vurmaq şansım da olmamışdı. Bircə cərimə zərbəsindən vurduğu top təhlükəli alındı. Çox yaxşı xatırlayıram, "Xəzər"lə matçı zəif keçirdik".

Həmin mövsümü 29 qolla tamamlayan Yunis Hüseynov bombardirlər yarışında 4-cü yerdə qərarlaşıb. O, bunu "Neftçi"dən ayrılması ilə əlaqələndirib: "Səhv eləmirəmsə, birinci dövrədə 29 qol vurdum. Sonra 3-4 aylıq İrana getdim. Nazim Əliyev 39 qolla mövsümün bombardiri oldu. Mövsümün sonuna qədər "Neftçi"də qalsaydım, bəlkə də, 55 top vurardım".

Qeyd edək ki, Yunis Hüseynov ardıcıl vurulan qollara görə, dünyada 7-ci yerə şərikdir. O, bu baxımdan braziliyalı Ronaldo, portuqaliyalı Kriştianu Ronaldo, argentinalı Qabriel Batistuta, niderlandlı Rud van Nistelroy kimi dünya ulduzlarını geridə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR