Azərbaycan millisinin baş məşqçisi dünya çempionatının püşkünü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi dünya çempionatının püşkünü dəyərləndirib
# 07 noyabr 2019 21:07 (UTC +04:00)

“Qrupumuzda yer alan komandalardan ikisi ilə bu il artıq qarşılaşmışıq. Söhbət Rusiya və Slovakiyadan gedir”.

APA-nın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio deyib.

Braziliyalı mütəxəssis 2020-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin elit-raundunun bu gün baş tutan püşkünü dəyərləndirib. O, Rusiya, Xorvatiya və Slovakiya ilə mübarizə aparacaq yığmanın qrupunu normal hesab etdiyini açıqlayıb: “Rusiya ilə sentyabrda “Caspian Cup” beynəlxalq turnirdə, Slovakiya millisiylə oktyabrda DÇ-2020-nin əsas seçmə mərhələsinin oyununda gücümüzü sınamışıq. Əlbəttə, Rusiya millisi qrupumuzun favoritidir. Slovakiya və Xorvatiya isə ikinci yer uğrunda mübarizə aparacaq. Rəqiblərimizi ayrı-ayrılıqda xarakterizə etsək, deyərdim ki, Rusiya millisi daim dünya və Avropa çempionatlarının final mərhələsində oynamağa alışıb. Təbii ki, yenidən bu vəsiqəyə sahib çıxmaq üçün hazırlaşacaqlar. Xorvatiya isə oyunları doğma məkanda keçirəcək. Bu onlar üçün əlavə üstünlük olacaq. Slovakiyanı ötən ay Bakıda məğlub etsək də, güclü rəqib olduqlarını qeyd etməliyəm. Ümumiləşdirsək, rəqiblərimizlə mübarizə aparmaq olar. Normal qrupda yer almışıq. Komandaların hər birinin bu vəsiqəni qazanmaq şansı var”.

Baş məşqçi yığmanın hazırlıq planı haqda da danışıb: “Artıq kimin necə hazırlaşmasından çox şey asılıdır. Yaxın günlərdə futzal federasiyasının prezidenti Zaur Axundovla görüşəcəyəm və hazırlıq planını ona təqdim edəcəyəm. Dekabrda FİFA-nın oyun pəncərəsi var. Bundan istifadə etmək istərdik. Amma yanvarda uzunmüddətli toplanış təşkil etməli və bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Ona qədər heyətimizi də tam komplektləşdirməliyik. Zədəli oyunçularımızdan Kardoso Everton artıq sağalıb və komandasının oyunlarında iştirak edir. Hətta ötən gün qol da vurub”.

J.Alesio yığmaların şanslarından da danışıb: “Əlbəttə, vacib olan final mərhələsinə vəsiqə qazanmaqdır. Bunu qrup birincisi kimi bacaracağıq, yoxsa pley-off yolu ilə edəcəyik, oyunlar və nəticələr göstərəcək. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Vacib olan düzgün, yaxşı hazırlıq keçmək və futzalçılarımızın zədədən uzaq olmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR