“Bney Yehuda”nın futbolçusu: “İlk qolu “Neftçi” vursaydı, bizim üçün asan olmayacaqdı”

“Bney Yehuda”nın futbolçusu: “İlk qolu “Neftçi” vursaydı, bizim üçün asan olmayacaqdı”
# 16 avqust 2019 11:43 (UTC +04:00)

“Neftçi” ilə matç fərqli ssenaridə başlasaydı və ilk qolu rəqib vursaydı, bizim üçün asan olmayacaqdı”.

APA-nın məlumatına görə, bunu İsrailin “Bney Yehuda” klubunun futbolçusu Dor Yan deyib.

25 yaşlı hücumçu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib. Qarşılaşmada hesabı açan D. Yan bildirib ki, ilk qol çox önəmli idi və bu, komandasına böyük üstünlük qazandırıb: "Neftçi" böyük və peşəkar klubdur. Onların rəqibimiz olduğunu bildiyimiz gündən etibarən oyun planları, hər futbolçuları, güclü və zəif cəhətləri barədə araşdırmalar apardıq. Çalışmalarımız bəhrəsini verdi və layiqli qələbə qazandıq”.

Onun sözlərinə görə, həm Bakıdakı 2:2 hesablı bərabərlik, həm də Petah Tikvadakı 2:1 hesablı qələbədə oyunları uğurlu alınıb: “Ancaq "Neftçi" üzərində qazanılan zəfəri bayram etməyə vaxtımız yoxdur. Başa düşməliyik ki, hələ elə də böyük iş görməmişik. İndi "Malmö" ilə ilk oyuna yüksək səviyyədə hazırlaşmalıyıq. Çünki budəfəki rəqib "Neftçi"dən də güclüdür. Hesab edirəm ki, xəyallarımızın dalınca getməliyik. İsveçdən evə sərfəli nəticə ilə dönəcəyimizə inanıram. Futbolçular qərarlı, uğura ac və öyrənməyə meyillidirlər. Çox çalışdığımız zaman da istədiyimizi ala bilirik. Bəziləri bunun üstün bir güc olduğunu düşünür. Ancaq çalışqanlıq sonda bəhrəsini verir”.

Qeyd edək ki, “Bney Yehuda” Avropa Liqasının pley-offunda İsveç “Malmö”sü ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR