AVRO-2020: Türkiyə yığması Bakıda 2 deyil, 3 oyun keçirə bilər

AVRO-2020: Türkiyə yığması Bakıda 2 deyil, 3 oyun keçirə bilər
# 01 dekabr 2019 12:49 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsinin püşkatmasında Türkiyə yığmasının Bakıda oynayacağı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, qonşu ölkə təmsilçisi Bakı Olimpiya Stadionunda 2 deyil, 3 oyun da keçirə bilər.

A qrupunun Uels və İsveçrə ilə görüşlərini ölkəmizdə keçirəcək Şenol Günəşin yetirmələri daha bir dəfə azarkeşlərimiz önünə çıxa bilər. Bunun 1/4 final mərhələsində gerçəkləməsi mümkündür.

Belə ki, iyulun 4-də AVRO-2020-nin Bakıdakı sonuncu 4-cü qarşılaşması təşkil olunacaq. Həmin matçda 1/8 finalın Amsterdam və Budapeştdəki qarşılaşmalarının qalibləri üz-üzə gələcək.

Macarıstanda C qrupunun qalibi ilə D, E və ya F qruplarından birinin üçüncüsü oynayacaq. Niderlandın paytaxtında isə A və B qruplarının ikinciləri münasibətlərini aydınlaşdıracaqlar.

Türkiyənin oynadığı qrupun ikincisi 1/4 finalda Bakıda oynamaq üçün Amsterdamda qalib gəlməlidir. “Ay-ulduzlular”ın A qrupunda 2-ci yeri tutaraq həmin görüşdə iştirakı da mümkündür. Bir sözlə, Ş.Günəşin komandası ikinci yeri tutub, 1/8 final səddini keçsə, yenidən Bakı Olimpiya Stadionunda oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR