Elxan Abdullayev: "Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik"

Elxan Abdullayev: "Bəlkə Uelsə uduzub, Slovakiyaya qalib gəldik"
# 16 noyabr 2019 11:45 (UTC +04:00)

"Biz həm Uels, həm də son oyunda qarşılaşacağımız Slovakiyadan qat-qat zəifik. Komandamızı çox çətin matçlar gözləyir. Çünki hər iki rəqibin Avropa çempionatına vəsiqə qazanmaq şansı var. Buna görə də sona qədər vuruşacaqlar".

Bunu apasport.az saytına futbol mütəxəssisi Elxan Abdullayev deyib.

Uzun müddət Azərbaycan millisində köməkçi-məşqçi vəzifəsini icra etmiş Abdullayev komandamızın AVRO-2020-nin seçmə qrup mərhələsində keçirəcəyi son oyunları dəyərləndirib. "Qarabağ" və "Neftçi"nin sabiq baş məşqçisi proqnoz verməkdən boyun qaçırıb.

O, futbolçuları meydanda döyüşməyə çağırıb: "Yığmamızın Uels və Slovakiya ilə ilk görüşləri ilə növbəti matçlarını müqayisə etmək düz olmaz. Oyun oyuna oxşamır. Məsələn, Uels öz meydanında bizi güclə məğlub etmişdi, amma Slovakiya rahat qələbə qazanmışdı. İndi bunun tam əksi də ola bilər. Bəlkə burda Uelsə uduzub, səfərdə Slovakiyaya qalib gəldik. Futboldur, hər şey ola bilər. Sadəcə, sərbəst oynamaq lazımdır. Futbolçular meydana azarkeşlər, öz ailələri, Azərbaycan xalqı üçün çıxmalıdırlar. Düşünməlidirlər ki, meydançaya çıxanda onlara 10 milyon adam baxır, dəstək verir. İlk növbədə bunu nəzərə almalıdırlar. Xal almaq artıq sonranın işidir".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da Uelslə keçiriləcək oyun saat 21:00-da başlayacaq. Millimiz qrupda son matçını noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR