Əfran İsmayılov: “Sileks” “Qarabağ”ı üstələyəcək klub deyil”

Əfran İsmayılov: “Sileks” “Qarabağ”ı üstələyəcək klub deyil”
# 18 avqust 2020 16:15 (UTC +04:00)

“Hər bir komanda üçün mövsümün ilk oyunu həmişə çətin olur. Çünki futbolçular uzun fasilədən sonra birinci matçlarına çıxırlar”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

Bu yay “Keşlə”dən ayrılan 32 yaşlı yarımmüdafiəçi keçmiş komandası “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya klubu “Sileks” önündə şanslarını dəyərləndirib. O, Azərbaycan çempionunun mərhələ adlayacağına əmindir: “Qarabağ” “Sileks”dən 3-4 dəfə güclüdür. Düzdür, azarkeşsiz oynamaq təmsilçimizin işini çətinləşdirən amildir. Üstəlik, rəqibdən fərqli olaraq, “Qarabağ” uzun müddətdir rəsmi oyun keçirmir. Belədə çətinliklə üzləşmək qaçılmazdır. Bununla belə, düşünürəm ki, avrokubok təcrübəsi sayəsində komandamız mərhələni rahat keçəcək. Çünki “Sileks” “Qarabağ”ı üstələyəcək klub deyil. Qələbəyə indiki məqamda xalqımızın çox ehtiyacı var. Bu, insanlarda əhval-ruhiyyəni bir az da olsa artırar”.

İsmayılov hesab edir ki, “Sileks” cəbhəsindən verilən açıqlamalara əhəmiyyət vermək uğursuzluğa yol aça bilər: “Sileks”in baş məşqçisinin fikirlərinə önəm vermək olmaz. Çünki bu, rəqibin aldadıcı gedişi ola bilər. Bəlkə də, özləri belə danışırlar ki, arxayınlıq yaransın. Ancaq düşünürəm ki, Qurban Qurbanov arxayınlığa imkan verməyəcək. Futbolçular da hamının onlardan qələbə gözlədiyini bilirlər. Həm də nəzərə alaq ki, bu dəfə qalibi bir oyun müəyyən edəcək. İstənilən komanda bir oyunluq mərhələdə uğurlu nəticə göstərə bilər”.

2006-2013 və 2015-2018-ci illərdə Ağdam klubunun formasını geyinən futbolçu təxmini hesab proqnozunu da bildirib: “Mətbuatdan oxuduğum qədərilə əksəriyyət darmadağın olacağını düşünür. Ancaq mən rəqibin baş məşqçisinin dediyi kimi, 7:0 hesabı gözləmirəm. Çünki ilk oyunlarda zəif komandalar rəqibə müqavimət göstərə bilirlər. Mövsümün əvvəlində heç kim ideal formada olmur. Məncə, hesab 2:0 və ya 3:0 olacaq”.

Cinah oyunçusu keçmiş komandasını yenidən Çempionlar Liqasının qrupunda görmək arzusundadır: “Qarabağ”ın yenidən Çempionlar Liqasının qrupuna düşməsini istəyirəm. Bu turnirin himninin Bakıda növbəti dəfə səslənməsi əla olar. Ancaq indidən qrup barədə düşünmək doğru olmaz. Təsnifat mərhələlərinə oyun-oyun hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR