“Neftçi”nin baş məşqçisi: “Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq”

“Neftçi”nin baş məşqçisi: “Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq”
  • Clock-gray 17:56
  • calendar-gray 17 İyul 2019

"Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrə tez-tez rastlaşırıq. Buna görə də, sabahkı oyuna konsentrasiya olunmuşuq və ciddi hazırlaşmışıq". 

APA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"nı səfərdə 3:0 hesabı ilə məğlub edən Bakı klubu sabah Moldova komandasını ilə cavab matçına çıxacaq. 

Oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis bildirir ki, ilk oyundakı 3:0 hesabı onları aldatmamalıdır: “Arxayınlaşmaq olmaz, maksimum köklənməliyik. "Sperantsa" ilk görüşdə də qol imkanları əldə etmişdi, Səlahət Ağayev bəzi epizodlarda buna imkan verməmişdi. Bəzi anlarda isə zərbələri qeyri-dəqiq olmuşdu. Buna görə də, maksimum köklənməliyik".

- Mərhələ keçəcəyiniz halda, Rusiya "Arsenal" ilə üz-üzə gələcəksiz. Həmin oyuna qədər yeni transfer gözlənilirmi? Ümumiyyətlə, yeni oyunçuya ehtiyacınız varmı?
- İndi yalnız "Sperantsa" ilə oyunu düşünürük. Bu mərhələni keçdikdən sonra qarşıdakı rəqib haqda danışa bilərik. Hamımız sabahkı oyuna köklənmişik.

- İlk matçda 3 qol vurmusunuz. Cavab görüşündə sizi hansı nəticə qane edəcək?
- İlk matçda olduğu kimi, yenə "bir nömrə" oynamağa çalışacağıq. Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq.

- "Arsenal"la oyunu düşünüb bəzi sirləri gizlədəcəksiniz?
- Bu suala artıq cavab verdim. Bu gün yalnız sabahkı matçı düşünürük.

- Birinci matçda komandanın oyunu sizi qane etdi?
- Mənə əsas komandanın oyuna yanaşması idi. Moldova çempionatı davam etdiyindən, rəqib fiziki cəhətdən bizdən hazırlıqlı ola bilər. Tapşırıq vermişdim ki, matça ciddi yanaşsınlar. Nəticə də necə yanaşdıqlarını göstərir. Komandamdan razı qalmışdım. Yaxşı çıxış etdik, amma bəzi səhvlərimiz də oldu. Hansı ki, rəqib sürətli əks-hücumlarla qapımız qarşısında təhlükəli anlar yaşatmışdı. Çalışacağıq sabah bunu təkrarlamayaq.

- Rəqibin baş məşqçisi oyundan sonra demişdi ki, komandam "Neftçi" kimi qalib gəlsəydi, bir həftə yuxu yatmazdım. Sabah qələbə qazanaraq, rəqib çalışdırıcısının yuxusunu qaçırmaq istəmirsiniz?
- Həmkarıma hörmətlə yanaşıram. Onun sözlərinə şərh vermək, onunla bəhsə girmək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdı.

- Bəlkə "Şerif"də işləyəndə ona çox qalib gəlmisiniz və buna görə həmkarınız belə ifadə işlədib.
- Onunla şəxsi problemim yoxdur. Onun barədə düşünmürəm də. Yalnız komandam haqda fikirləşirəm. Məncə, sualı onun özünə versəniz, yaxşı olar.

Vüqar Xeyrullayev

Digər xəbərlər

Arxiv

date