"Neftçi"nin baş məşqçisi: "Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq"

"Neftçi"nin baş məşqçisi: "Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq"
# 12 iyul 2019 00:35 (UTC +04:00)

"Əlbəttə, nəticədən çox razıyam. Bundan da çox futbolçuların oyuna yanaşmasından razı qaldım".

APA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Bakı klubu Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Sperantsa”sına 3:0 hesabı ilə qalib gəlib. Moldovada baş tutan görüşdən sonra mətbuat konfransı keçirən italiyalı mütəxəssis həm nəticədən, həm də futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib: "İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər və sonadək bunu göstərdilər. Mənim üçün əsas budur. Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda bir həftə var. Bu müddət ərzində cavab oyununa yaxşı hazırlaşmalıyıq”.

R. Bordin qələbənin asan qazanılmadığını da qeyd edib: "Meydanın vəziyyəti də yaxşı deyildi. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu. Futbolçularımın xarakteristikasına əsasən hücum futbolu oynatmağa çalışdım. Mənə elə gəlir ki, onlar hər şeyi düzgün yerinə yetirdilər. Rəhman yaxşı futbolçudur, amma oyuna qoşulan digər futbolçuları – Namiki və İsmayılı da qeyd etmək lazımdır. Start heyətində meydana çıxanlar da yaxşı oynadılar. Bizdə yaxşı futbolçu çoxdur, rəqabət güclüdür. Nəticə önəmlidir, amma mənim üçün böyükhesablı qələbədən də vacib olan futbolçuların oyuna yanaşmasıdır ki, buna görə çox şadam. Fiziki formada yaxşı olan belə bir rəqibə qarşı düzgün oynamaq daha önəmli idi. İsmayıl Zülfüqarlı çox yaxşı gənc futbolçudur. Bizdə başqa belə oyunçular da var. Hamısı bizim üçün önəmlidir. Bəli, hesabda 3:0 irəlidə olduğumuz üçün İsmayıla Avropa Liqasında debüt etmək imkanı verdim”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR