“Qarabağ” mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb

“Qarabağ” mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb
# 15 iyul 2019 17:21 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu Faysal Rerrası heyətinə qatıb.

Mərakeş əsilli belçikalı müdafiəçi ilə iki illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.

Belçikanın Lyej şəhərində anadan olan sağ cinah müdafiəçisi vətənində başlayıb. “Vise” (2013-14), “Sent-Truden” (2014-16) klublarında çıxış etdikdən sonra Şotlandiyaya üz-tutan F.Rerras “Harts”ın (2016-17) şərəfini qoruyub. 2017/18 mövsümünü Belçikanın “Mexelen” klubunda keçirən müdafiəçi qış fasiləsində yenidən Şotlandiyaya - bu dəfə icarə əsasında “Hibernian”a keçib. İcarə müddəti başa çatan arxa xətt oyunçusu 2018-ci ilin yayında Fransanın “Bezye” klubu ilə anlaşıb. Liqa2-də keçirdiyi son mövsümdə 23 oyuna çıxan F.Rerras 2 qol vurub. Onun komandası 20 klub arasında 19-cu olaraq Liqa3-ə yuvarlanıb.

2016-cı ildə Mərakeş millisinə çağırılan futbolçu U-23 və əsas yığmaların hərəsində 1 matç keçirib.

Qeyd ki, bu, “Qarabağ”ın üçüncü transferi olub. Azərbaycan çempionu F. Rerrasadək ispaniyalı Xayme Romero və braziliyalı Ailton Silva ilə anlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR