Qurban Qurbanov: "Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, mədəniyyətimizi göstərək"

Qurban Qurbanov: "Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, mədəniyyətimizi göstərək"
# 04 oktyabr 2019 02:54 (UTC +04:00)

“Öncə futbolçularımı təbrik etmək istəyirəm. Bizi hesabdan daha çox oyun maraqlandırırdı”.

APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı görüşündən sonra (4:1) keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Q.Qurbanov komandanın nümayiş etdirdiyi oyundan razılığını dilə gətirib: “Məqsədimiz burda yaxşı, baxımlı oyun göstərmək idi. Həqiqətən də futbolçular bunu bacardılar və çox vacib 3 xalı əldə etdik. Hesab bizi aldatmamalıdır. Bu gün komandamızın gücünü gördük. Əlbəttə ki, səhvlərimiz də oldu. İkinci hissədə bəzi çatışmazlıqlar nəzərə çarpdı və bu da normaldır”.

Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib: “İdmanda belə şeylərin olmasının tərəfdarı deyiləm. Bir dəfə də belə hadisə baş vermişdi. Amma mən heç bir o qədər fikir bildirməmişdim. Onların adını belə dilimə gətirmək istəmirəm. Həmişə belə halları qorxaqlıq hesab edirəm. Biz azərbaycanlı, qarabağlı olaraq həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Həmişə intizamlı olaq. Futbolçular da hansı komandanı təmsil etdiklərini bilirlər. Belə halları qorxaqlıq adlandırıram. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram və belə bir kollektivim var”.

Mütəxəssis belə təxribatlara getməməyin tərəfdarı olduğunu açıqlayıb: “Biz belə təxribatlara getməməliyik. Oyun dayandırıldıqda da çalışdıq ki, təmkin nümayiş etdirək, intizamımızı göstərək. Bəli, uşaqlar bir az pis olmuşdular, hirslənmişdirlər. Onları oyuna kökləmək də çətin idi. Amma hər bir halda, futbolçularıma təşəkkür edirəm ki, məni eşitdilər. Mənə diqqətlə qulaq asdılar və buradan gözəl bir qalibiyyətlə dönürük. Bəlkə gələcəkdə də belə şeylər olacaq. Amma mənə görə belə şeyləri etmək böyük ucuzluqdur”.

Q.Qurbanov təxribat üzündən matç dayandırıldığı vaxt meydandan çıxan “Qarabağ”ın yenidən qayıdıb oyunu davam etdirməyə borclu olduğunu da vurğulayıb: “Meydana qayıtmağa məcbur idik. Əgər meydanı tərk ediriksə, bu bizə böyük problem ola bilərdi. Digər tərəfdən də biz peşəkarıq və bu cür hallar tez-tez baş verə bilər. Biz qorxaq deyilik. Meydandan qaçmağı bacarmarıq. Zəif deyilik. İdman prinsiplərinə əməl etməliyik. Hətta məğlub durumda olsaydıq da, yenə meydana qayıdıb sonadək mübarizə aparacaqdıq. Bir azərbaycanlı, qarabağlı olaraq qaçmağı heç zaman ağlıma gətirməmişəm. Biz məğlub ola bilərik, yıxıla bilərik, amma qaçmaq bizə yaraşmaz. İstənilən komanda, istənilən nəticə olsaydı da biz sonadək mübarizə aparacaqdıq”.

Baş məşqçi bildirib ki, hadisə ilə bağlı UEFA-ya müraciətlə klub rəhbərliyi məşğul olacaq: “Məncə burda müraciətə heç ehtiyac yoxdur. Çünki UEFA özü belə məsələlərdə çox ciddidir və vacib qərarlar qəbul edir. Gözləyək, görək hansı qərarları qəbul edəcəklər. Onların qərarından da çox şey asılıdır. Əgər səhv bir qərar qəbul etsələr, düşünürəm ki, bu hamı üçün böyük bir siqnal olar. Diqqətli olub, belə təxribatların qarşısını almaq lazımdır”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın 1/16 final şansları barədə də danışıb: “Vacib 3 xalı əldə etdik. Əlbəttə, qrupun favoriti "Sevilya"dır. Digər 3 komanda ola bilər ki, son turadək öz aralarında mübarizə aparsınlar. Hətta hər şey son turda da bilinə bilər. Bu hesab bizi aldatmalı deyil. O demək deyil ki, "Düdelanj" zəif komandadır. Qol vurmağı bacarırlar. Ona görə düşünürəm ki, son turadək mübarizə davam edəcək”.

Qeyd edək ki, matçda təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR