Qurban Qurbanov: “Sevilya”ya qarşı sona qədər mübarizə aparacağıq”

Qurban Qurbanov: “Sevilya”ya qarşı sona qədər mübarizə aparacağıq”
  • Clock-gray 16:20
  • calendar-gray 18 Sentyabr 2019

“Sevilya” kimi bir komandanın Bakıya gəlməsi bütün Azərbaycan futbolu üçün sevindiricidir”. 

APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 19-da ilk oyununa çıxacaq. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın “Sevilya” klubunu qəbul edəcək.

Matçdan öncə təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, bir ilə yaxın idi bu cür kluba qarşı azarkeşlər canlı oyun izləmirlər: “Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq”.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı 1 xal almaq mümkündürmü? 
- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadır. Amma evdə oynayacağıq. Düşünülmüş oyun göstərə bilsək, yaxşı nəticə də əldə edərik. Rəqibə layiqli mübarizə aparmağa çalışacağıq.

- Mahir Emrelinin son durumu necədir?
- Mahirin durumu yaxşı deyil. Böyük ehtimalla oyunu buraxacaq.

- Komandadakı ispaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?
- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Rəqibi yaxşı tanıyırıq.

- Rəqib baş məşqçi Xulen Lopeteqini nə qədər tanıyırsınız, onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? Rəqibin heyətində hansı oyunçunu fərqləndirə bilərsiniz?
- Xüsusi tanışlığım yoxdur. “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. Heyətlərini saysam, gərək hamısını sayam. Hamısının adını çəkmək olar. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. Rəqib sizə artıq çətin rəqib gözü ilə baxır. Bu sizin işinizi çətinləşdirməyəcək?
- Açıqlamalarından məlumdur ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.
 

Vüqar Xeyrullayev

Digər xəbərlər

Arxiv

date