Tale Heydərov: “Bakıda Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlinə qədər istifadəyə verilməsini gözləyirik”

Tale Heydərov: “Bakıda Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlinə qədər istifadəyə verilməsini gözləyirik”
# 23 sentyabr 2019 14:27 (UTC +04:00)

“Azərbaycan dünyada qədim tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanınır. Fəxr edirəm ki, ölkəmin idman üstünlüyü ilə bağlılığı getdikcə daha çox tanınmaqdadır”.

APA-nın məlumatına görə, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti, biznesmen Tale Heydərov “emerging-europe.com”da dərc olunmuş məqaləsində yazıb.

O vurğulayıb ki, son illərdə Azərbaycan bir sıra mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edib: “Azərbaycanda 2015-ci ildə I Avropa Oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının finalı, üç dəfə “Formula-1” üzrə Qran-prinin mərhələləri keçirilib, gələn il isə AVRO-2020-nin qrup mərhələsinin matçlarına və 1/4 final oyunlarına ev sahibliyi edəcək. Hər hansı ölkə üçün dünyanın məşhur idmançılarına ev sahibliyi etmək əlamətdar miras qoyur. O, şəhərləri təbliğ edir, turizmi artırır və icma səviyyəsində idmana sərmayənin daha da artmasına səbəb olur. Ən əsası isə hər yaşdan, müxtəlif vəzifələrdə çalışan və qabiliyyətli insanları sevdikləri idman növləri ilə məşğul olmağa ruhlandırır”.

T. Heydərov qeyd edib ki, idmana olan həvəsi 2005-ci ildən 2019-cu ilədək “Qəbələ” futbol klubunun prezidenti kimi yaşadığı təcrübədən qaynaqlanır: “Həmkarlarım və mən gənc bir heyəti Avropa səviyyəsində uğur qazanan ilk Azərbaycan futbol komandasına çevirdik. Biz klubu hər bir istiqamətdə yaxşılaşdırmaq, yeni infrastruktur inkişaf etdirmək, heyət və oyunçuları peşəkar səviyyəyə gətirmək və yeni tərəfdar nəsli yetişdirmək üçün yorulmadan çalışdıq. Klub üçün baxışımızın bir hissəsi də gənc istedadlara investisiya yatırmaq və idmanda kütləviliyi artırmaq idi”.

O, idmanın sağlamlıq üçün faydalarına da toxunub: “Məşqin və inkişaf etdirilmiş fitnessin faydaları güclü və hərtərəflidir. Mütəmadi olaraq, hətta həftədə iki dəfə məşq edənlər yuxu rejiminə, daha yüksək enerji səviyyəsinə və sağlam erkən yaş inkişafına nail olur. Bununla sonrakı həyatımızda da ciddi xəstəliklərin riski azalır. İdman bədənimizi, eyni zamanda ağlımızı da gücləndirir. Yeni bacarıqların mənimsənilməsi inam, yaxşı vərdişlər və nizam-intizam yaradır. Nizamlı məşqin stressi azaltdığı və zehni sağlamlığı yaxşılaşdırdığı sübut olunub. Bu bizi daha yaxşı liderlər, komanda oyunçuları edir və klublarımız, idman salonlarımız və komandalarımıza davamlı dostluq əlaqələrini gücləndirmək üçün imkanlar yaradır. İdmanla məşğuliyyətin akademik və peşə nailiyyəti ilə əlaqəsi təəccüblü olmamalıdır”.

O, “Qəbələ” Futbol Klubunun Akademiyasının yaradılmasının aktuallığından da danışıb: “Hər kəs üçün idmanla bağlı istəyimizə çatmaq üçün professional futbolçuların məşqçi və işçi heyətimizlə birgə bacarıqlarını inkişaf etdirmək və birgə hazırlaşmaq, sağlamlıqlarını yaxşılaşdırmaq, həmçinin performanslarını gücləndirmək üçün “Qəbələ” Futbol Klubunun Akademiyasını yaratdıq. Fəxrlə söyləyirəm ki, akademiyada göstərdikləri zəhmət sayəsində bu futbolçular idmanda yüksək nəticələr əldə ediblər və son illər bir çoxları Azərbaycanın milli komandasına dəvət olunublar”.

T. Heydərov Ronaldinyo Futbol Akademiyasının fəaliyyətə başlayacağı tarixi də açıqlayıb: “Qəbələ” FK Akademiyasının uğuru Azərbaycanda özünün ilk beynəlxalq futbol akademiyasını qurmaqda bizimlə tərəfdaş olan Braziliyanın futbol əfsanəsi Ronaldinyo üçün əsas amil idi. Ronaldinyo Futbol Akademiyası unikaldır və orada bütün perspektivli oyunçulara yüksək keyfiyyətli hazırlıq keçiriləcək. Bununla biz ümid edirik ki, gənclər öz nəslinin ən böyük futbolçulardan birinin izi ilə gedə biləcəklər. 2020-ci ilin əvvəlinə qədər Bakıda Ronaldinyo Futbol Akademiyasının istifadəyə verilməsini gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR