Regionlarda yeni güzəştlər tətbiq ediləcək

Regionlarda yeni güzəştlər tətbiq ediləcək
# 15 dekabr 2006 10:10 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov 2004-cü il fevralın 11-də təsdiqlənən proqramın əhalinin sosial inkişafına yönəldiyini bildirib. Onun sözlərinə görə, regionların inkişafı artıq gənclərin Bakıya axınının qarşısını alır. Azərbaycan əhalisinin yarıdan çoxunun gənc olduğunu xatırladan nazir qeyd edib ki, dövlətin inkişafında gənclər xüsusi rol oynadığı üçün onlar mükəmməl təhsil almağa çalışmalıdırlar. A. Rəhimov iştirakçılara təklif edib ki, konfransın sonunda gənclərlə bağlı bundan sonra görüləcək tədbirlərin müəyyənləşdirilməsinə yardım edən sənəd hazırlasınlar.
İqtisadi inkişaf naziri Heydər Babayev isə gənclərin rayonlardan Bakıya axınının qarşısını almaq üçün qeydiyyat sisteminin gücləndirilməsini təklif edib. Onun sözlərinə görə, bunun üçün regionlarda sosial təminat siyasəti də təkmilləşdirilməlidir. Gənclərin regionlarda yaşaması və fəaliyyəti üçün əlverişli imkanların olduğunu söyləyən H. Babayev deyib ki, rayonlarda yeni müəssisələr yaradılır, yollar çəkilir, gənclərə güzəştli şərtlərlə kreditlər verilir: “Regionlarda bəzi yeni güzəştlər də tətbiq ediləcək. Bu, insanları orada qalmağa həvəsləndirəcək. Ancaq bu güzəştlərin nədən ibarət olduğunu indidən deyə bilmərəm”.
Konfrans bölmə iclasları ilə işini davam etdirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR