Bu il 390 azərbaycanlı itkin düşmüş qohumunun axtarılması üçün Qızıl Aypara Cəmiyyətinə müraciət edib

Bu il 390 azərbaycanlı itkin düşmüş qohumunun axtarılması üçün Qızıl Aypara Cəmiyyətinə müraciət edib
# 19 dekabr 2006 09:10 (UTC +04:00)
Fəaliyyət göstərdiyi 11 il ərzində 2024 nəfər azərbaycanlı itkin düşmüş qohumunun axtarılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə (AQAÇ) müraciət edib. Yalnız bu il ərzində cəmiyyətə 390 belə müraciət daxil olub. Həmin müraciətlərin 260-ı iş miqrasiyası, 64-ü isə II Dünya Müharibəsi zamanı itkin düşən və taleyi naməlum qalan insanların yaxınları tərəfindən edilib. AQAC-ın axtarış xidmətinin rəhbəri Afət Mirzəzadə APA-ya bildirib ki, əvvəllər II Dünya Müharibəsində itkin düşənlərlə bağlı müraciətlər çox olsa da, 2003-cü ildən sonra belə müraciətlərin sayı azalıb, əvəzində isə iş miqrasiyası ilə əlaqədar müraciətlər çoxalıb: “Son vaxtlar Azərbaycandan Rusiyaya və digər ölkələrə işləmək üçün gedən azərbaycanlıların sayı artır. Onların bəziləri geri qayıtmır. Buna görə də ailələri onlar üçün axtarış elan edir”. A. Mirzəzadə deyib ki, Rusiyadan da Azərbaycana axtarış üçün müraciət edənlərin sayı çoxalır. Yalnız bu il ərzində Rusiyanın Qırmızı Xaç Komitəsindən AQAC-a 54 sorğu göndərilib: “Rusiyaya işləmək adı ilə gedən azərbaycanlılar orada evlənir, daha sonra isə həmin ölkəni tərk edirlər. Belə şəxslərin oradakı ailələri onların Azərbaycanda axtarılması üçün bizə müraciət edirlər”. A. Mirzəzadənin sözlərinə görə, müraciət edənlər arasında öz övladlarını Rusiya, Ukrayna və s. ölkələrdə axtaran valideynlər çoxluq təşkil edir. Son vaxtlar yaxınlarını ABŞ, Almaniya, Türkiyə, İsrail və Hollandiyada axtaran azərbaycanlıların da sayı artıb. Müraciətlərin cavabsız qalmadığını söyləyən A. Mirzəzadə bildirib ki, 2006-cı ildə iş miqrasiyası ilə bağlı edilmiş 260 müraciətdən 74-nə, II Dünya Müharibəsi ilə bağlı 64 müraciətin isə 6-na müsbət cavab verilib. AQAÇ itkin düşənləri dünyanın bütün Qırmızı Xaç Cəmiyyətlərinin axtarış şöbələri, ədliyyə və polis orqanları ilə də birgə axtarır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR