Ombudsman təsisatının nümayəndələri Litvada təcrübə mübadiləsi aparıblar

Ombudsman təsisatının nümayəndələri Litvada təcrübə mübadiləsi aparıblar
# 19 dekabr 2006 09:11 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında imzalanmış layihəyə əsasən uşaq hüquqlarının müdafiəsi və təbliği, dövlət müəssisələrində - uşaq evlərində, internat məktəblərində və Ədliyyə Nazirliyinin tərbiyə müəssisəsində uşaqlara qarşı baş verən zorakılıq hallarının araşdırılması, uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Litva Respublikasının Uşaq Hüquqları üzrə Nəzarətçisi xanım Rimante Salaseviçyute Azərbaycana bu məqsədlə bir həftəlik işgüzar səfər edib. Səfər çərçivəsində bu sahədə Azərbaycanın təcrübəsi öyrənilib, uşaq hüquqları üzrə qanunvericilik, uşaqların müdafiəsi sahəsində fəaliyyət istiqamətləri, onların sosial rifahının yüksəldilməsinə yönəlmiş proqramlar müzakirə olunub. Litvalı qonaq Azərbaycan ombudsmanı Elmira Süleymanova ilə birlikdə Uşaq Tərbiyə Müəssisəsinə, 1 saylı Uşaq Evinə baş çəkib, uşaqlarla işləyən yerli QHT-lərin nümayəndələri ilə görüşlər keçirib. İnsan Hüquqları üzrə Müvəkkilin uşaq hüquqları üzrə müşaviri Zaur Zamanov və Ombudsman Aparatı yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşları Bəhicə Əliyeva və Faiq Ağayev isə Litvanın uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübəsinin öyrənilməsi məqsədilə həmin ölkəyə səfər ediblər. Səfər zamanı Litva Respublikasının Uşaq Hüquqları üzrə Nəzarətçisinin fəaliyyət istiqamətləri, uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən proqramlar təhlil edilib, müvafiq mexanizmlər öyrənilib. Azərbaycan ombudsmanının nümayəndələri Litvadakı uşaq müəssisələrinə gedərək bu qurumların nümayəndələri və uşaqlarla görüşlər keçiriblər. Litva Seymində Ailə və Uşaq Məsələləri üzrə Komissiyanın sədri ilə görüş keçirilib, uşaqlara dair qanunvericilik müzakirə edilib. Bununla yanaşı, ombudsman təsisatının nümayəndələri Azərbaycan diasporunun təmsilçiləri ilə görüşərək Litvada yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR