Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi layihənin və qurumun internet saytının təqdimatı olub

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi layihənin və qurumun internet saytının təqdimatı olub
# 19 dekabr 2006 10:53 (UTC +04:00)
Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Dövlət qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçiliyin təşkili: 9-cu Minilliyin İnkişaf Məqsədinin icrası” layihəsinin və internet saytının təqdimatını keçirib. APA-nın məlumatına görə, komissiyanın sədri Bəhram Xəlilov dövlət qulluğu sahəsində islahatlara 2000-ci ildə “Dövlət qulluğu haqqında” qanunun qəbulu ilə başlanıldığını xatırladaraq daha sonra bu sahədə 20-yə yaxın qanunun, 30-dan artıq normativ hüquqi aktın qəbul edildiyini bildirib. Onun sözlərinə görə, komissiyanın əsas vəzifələri bu sahədə qəbul edilən normativ hüquqi aktların icrasına nəzarətin, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin, dövlət qulluqçularının sosial müdafiəsinin, ixtisaslarının artırılmasının və attestasiyaların təşkilidir. BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident-nümayəndəsi Marko Borsotti komissiyanın gördüyü işlərə böyük diqqət yetirdiklərini deyərək bildirib ki, dövlət idarəçiliyinin həyata keçirilməsinin əsasını dövlət qulluğunda islahatların düzgün aparılması təşkil edir. M. Borsotti dövlət qulluğuna daha peşəkar, bacarıqlı, savadlı kadrların seçilməsini, dövlət qulluqçuları ilə vətəndaşlar arasında səmimiyyətin, etibarın olmasını vacib sayıb.
Sonra BMTİP ilə birgə həyata keçirilən layihə və internat saytının təqdimatı olub. Bu ilin sentyabrından həyata keçirilən layihə gələn ilin avqustunda yekunlaşacaq. Ümumi büdcəsi 354672 ABŞ dolları olan layihənin 234672 dollarını Azərbaycan hökuməti, 120 min dollarını isə BMT ayırıb. Layihənin məqsədi yoxsulluğun azaldılması və davamlı inkişafa dair 10 illik strategiyada göstərilən yaxşı idarəçilik və dövlət sektorunda islahatlara dair hökumətin öhdəliklərinin həyata keçirilməsidir. Layihə çərçivəsində dövlət qulluğu sistemində islahatların aparılmasına dair strategiyanın hazırlanması və qəbul edilməsi, dövlət qulluğuna müsabiqə yolu ilə qəbulun təşkili, bu sahədə qanunvericiliyin nəzərdən keçirilməsi planlaşdırılıb. www.csc.gov.az saytında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın quruluşu, dövlət qulluğu üzrə qanunvericilik, dövlət strukturlarında işlə təmin olunmaq imkanı ilə bağlı ümumi məlumatlar və s. yer alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR