İnsan alveri ilə məşğul olan Validə Məmmədovaya hökm oxunub

İnsan alveri ilə məşğul olan Validə Məmmədovaya hökm oxunub
# 22 yanvar 2007 15:25 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alveri ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 144-1.2.5-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən insan alveri) ilə ittiham olunan Göyçay rayonunun Mallı-Şıxlı kənd sakini Validə Məmmədovaya hökm oxunub. Məhkəmənin qərarı ilə V. Məmmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V. Məmmədova tanışı Sevil Hüseynova ilə qadınların cinsi istismar məqsədilə dövlət sərhədindən keçirilməsi üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, 2005-ci ilin oktyabrında Bakıda S. Hüseynovanın tapşırığı ilə tanışı, Balakən rayon Mahamalar kəndində yaşayan Mahirə Hüseynovaya Türkiyədə fahişəliklə məşğul olmağı təklif edib və onu Bakıda kirayə yaşadığı evdə S. Hüseynova ilə tanış edib, bunun müqabilində S. Hüseynova V. Məmmədovaya 300 ABŞ dolları məbləğində pul verib. Sonra S. Hüseynova və M. Hüseynova Bakı-Naxçıvan təyyarə reysi ilə Naxçıvandan Türkiyənin İğdır şəhərinə, oradan isə Ərdahan şəhərinə gediblər. Ərdahanda S. Hüseynova M. Hüseynovanı 2005-ci il dekabrın axırlarınadək istismar edərək fahişəliyə cəlb edib. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən V. Məmmədova beş il əvvəl Sevil adlı bir qadınla tanış olduğunu və onun ölkənin müxtəlif rayonlarından cavan qızları Türkiyəyə aparıb fahişəliyə cəlb etdiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR