Prokurorlar və müstəntiqlər üçün “Çirkli pulların yuyulması cinayətlərinin istintaqı və məhkəmə təqibi” mövzusunda treninq-seminar keçirilib

Prokurorlar və müstəntiqlər üçün “Çirkli pulların yuyulması cinayətlərinin istintaqı və məhkəmə təqibi” mövzusunda treninq-seminar keçirilib
# 23 yanvar 2007 09:21 (UTC +04:00)
Respublika Prokurorluğunun Tədris Mərkəzində prokurorlar və müstəntiqlər üçün “Çirkli pulların yuyulması cinayətlərinin istintaqı və məhkəmə təqibi” mövzusunda treninq-seminar keçirilib. APA-nın məlumatına görə, seminarı ABŞ-ın Azərbaycandakı səfirliyinin rezident hüquq müşaviri Kevin Feldis və ABŞ Ədliyyə Departamentinin prokuroru Frederik Reynolds aparıblar. K. Feldis bildirib ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisəsinə qədər dünya dövlətləri çirkli pulların yuyulması və terrorçuluqla mübarizəyə elə də önəm vermirdilər. Bu hadisədən sonra isə məsələ dünya səviyyəsində aktuallaşıb. Qeyd olunan cinayətlərlə mübarizənin effektivliyinin artırılmasında beynəlxalq əməkdaşlığı vacib sayan amerikalı mütəxəssis deyib ki, çirkli pullar qanunsuz fəaliyyətdən əldə olunan gəlirdir. Onun sözlərinə görə, ABŞ-da çirkli pulların yuyulmasında dələduz hüquqşünaslar, korrupsiyaya qurşanmış mühasiblər iştirak edirlər və cinayətkarlar çirkli pulları ayrı-ayrı şəxslərin adına açdıqları bank hesablarına köçürülər: “ABŞ qanunvericiliyinə görə, kimsə birdəfəyə banka böyük məbləğdə pul qoya bilməz. Belə əməliyyatlar barədə mütləq hüquq-mühafizə orqanlarına xəbər verilir”. Seminarda maliyyə-kəşfiyyat qurumları, onların fəaliyyəti, cinayətlərin istintaqı ilə bağlı ABŞ təcrübəsi barədə geniş məlumat verilib, fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR