Penitensiar Xidmətin sabiq əməkdaşları barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb

Penitensiar Xidmətin sabiq əməkdaşları barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb
# 23 yanvar 2007 09:46 (UTC +04:00)
Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki Penitensiar Xidmət) sabiq əməkdaşları barəsindəki məhkəmə hökmündən verilən şikayət üzrə proses yekunlaşıb. Hakim M. Hüseynov APA-ya açıqlamasında bildirib ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin təqsirləndirilənlər barəsində çıxardığı hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, 7 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi Salman Nəcəfov, Müalicə Müəssisəsinin keçmiş rəisi Nizami Nağıyev və müəssisənin digər vəzifəli şəxsləri - Səlahəddin Şirinov, Xəqani Nəbiyev, Elşad Quliyev, Yadigar Qurbanov, Vəli Vəliyev və Xaqani Həşimov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı), 314.2-ci (səhlənkarlıq), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə məsuliyyətə cəlb olunublar. Həmin şəxslər 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20-yə yaxın məhkumu saxta sənədlərlə azadlığa buraxıblar. Məhkəmənin hökmü ilə X. Həşimov 9 il, N. Nağıyev, S. Nəcəfov, Y. Qurbanov 8 il, S. Şirinov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. V. Vəliyev və X. Nəbiyevə 2 il sınaq müddəti olmaqla 4 il, E. Quliyevə isə 3 il sınaq müddəti olmaqla 5 il şərti iş verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR