Seul-Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreyadan gəlmiş həkimlərin iştirakı ilə pulsuz müayinə aksiyası keçirir

Seul-Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreyadan gəlmiş həkimlərin iştirakı ilə pulsuz müayinə aksiyası keçirir
# 23 yanvar 2007 14:29 (UTC +04:00)
Seul-Bakı (SEBA) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Koreyadan gəlmiş həkimlərlə yerli həkimlərdən ibarət 45 nəfərdən ibarət qrup Qəbələdə pulsuz müayinələr keçirir. SEBA-dan APA-ya daxil olan məlumata görə, aksiyanın açılışında çıxış edən assosiasiyanın prezidenti Ruhəngiz Heydərova 2005-2006-cı illərdə qurumun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Koreya Mədəniyyəti və Koreya Kinosu günləri, o cümlədən beynəlxalq elmi yaradıcılıq simpoziumunun keçirildiyini bildirib. Bakıda pulsuz Koreya dili kursları təşkil edilib, bu ölkənin həkimlərinin çalışdığı “Şərq təbabəti” klinikasının açılışı olub. R. Heydərova təşkilatın humanitar aksiyalarının reallaşmasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi əməyini olduğunu vurğulayaraq, ona təşəkkürünü bildirib.
Qaçqın və məcburi köçkünlərə, həmçinin aztəminatlı ailələrə humanitar yardım layihəsi çərçivəsində həyata keçirilən aksiyada koreyalı həkimlər qısa vaxt ərzində göz, stomatoloji, endokrinoloji, kardioloji və digər xəstəliklərdən əziyyət çəkən xəstələrə tibbi yardım göstəriblər. Müayinə və müalicələr Koreyadan gətirilən dərman preparatları və xüsusi tibb avadanlıqları vasitəsilə aparılıb.
Aksiya yanvarın 21-dən 24-dək Qəbələdə, yanvarın 24-dən 27-dək isə Yevlaxda davam edəcək.
Qeyd edək ki, SEBA 2004-cü ilin noyabrından Azərbaycanda fəaliyyətə başlayıb. Assosiasiya ötən dövr ərzində müxtəlif humanitar xarakterli tədbirlər həyata keçirib. Təşkilat Azərbaycan və Koreya xalqları arasında çoxtərəfli əlaqələri genişləndirmək məqsədi daşıyan ictimai birlikdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR