Tiflisdə İnterpolun Avrasiyada Transsərhəd Cinayətkarlıqla Mübarizə üzrə İşçi Qrupunun görüşü keçirilir

Tiflisdə İnterpolun Avrasiyada Transsərhəd Cinayətkarlıqla Mübarizə üzrə İşçi Qrupunun görüşü keçirilir
# 24 yanvar 2007 08:58 (UTC +04:00)
Bu gün Tiflisdə İnterpolun Avrasiyada Transsərhəd Cinayətkarlıqla Mübarizə üzrə İşçi Qrupunun görüşü keçirilir. APA-nın Gürcüstan bürosuna bu ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 25-dək davam edəcək görüş İnterpolun himayəsi ilə və İnterpolun Baş Katibliyinin “Millenium” layihəsi çərçivəsində təşkil olunub. İlk dəfə olaraq keçirilən görüşdə 18 ölkədən 25 nümayəndə iştirak edir. Onların arasında Avropa ölkələrinin, ABŞ və Kanadanın hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin və İnterpolun Baş Katibliyinin nümayəndələri də iştirak edir. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, görüşün məqsədi Avropa, ABŞ və Gürcüstan Daxili İşlər Nazirliklərinin müvafiq departamentləri arasında İnterpolun kanalları və baza məlumatları əsasında mütəşəkkil cinayətkarlıq və cinayətkar qruplar, kriminal aləmin nümayəndələri barədə ikitərəfli informasiya mübadiləsi aparmaqdır. İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosundan APA-ya bildirilib ki, bu görüş barədə onlarda məlumat yoxdur və tədbirdə Azərbaycan nümayəndələri iştirak etmir.
Qeyd edək ki, İnterpolun Gürcüstan Milli Mərkəzi Bürosu 2006-cı ildə “Millenium” layihəsinə daxil olub. Layihənin köməyi ilə İnterpola üzv ölkələrə 20-yə yaxın kriminal avtoritet və onların fəaliyyəti barədə dolğun informasiya çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR