Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
# 27 yanvar 2007 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda məruzə ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanı əvvəlki illərdə qazandığı uğurları ötən ildə də qoruyub saxlaya bilib. İlin yekunlarına görə, Azərbaycan cinayətkarlığın səviyyəsi baxımından nəinki MDB məkanında, hətta Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisədə də təhlükəsiz və sabit ölkələrdən sayılır. Ötən il ölkədə 19045, o cümlədən DİN üzrə 18267 cinayət qeydə alınıb. Bir sıra ağır cinayətin, o cümlədən qəsdən adamöldürmə, ona cəhdlər, quldurluq, zorlama, adam oğurluğu, mənzillərdən oğurluq, avtomobillərin qaçırılması faktlarının sayı azalıb. Adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. Nazir bildirib ki, bu azalma fonunda ümumi cinayətlərin sayı 2005-ci illə müqayisədə 5,9% artıb. Bu göstərici də, əsasən, az ağır və böyük ictimai təhlükə törətməyən, habelə dələduzluq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, döymə hadisələrini, narkotin vasitələrlə bağlı faktların daha çox aşkar edilməsindən irəli gəlir. Şəxsiyyət əleyhinə olan cinayətlərin böyük faizi (97,3 faiz), banditizm və insan alveri cinayətlərinin isə hamısı açılıb. Ötən il respublika ərazisində baş verən cinayətlərin 90%-dən çoxunun açılması təmin edilib. Ötən illərdən bağlı qalmış 435 cinayətin açılması 2006-cı ildə təmin olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 4429, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 174 təqsirləndirilən şəxs tutulub. İtkin düşmələri ilə əlaqədar axtarışı elan olunmuş 1462 nəfərdən 1076-nın (73,6%) yeri müəyyən olunub. Keçirilmiş əməliyyat və istintaq hərəkət tədbirləri nəticəsində ağır və xüsusi ağır cinayət törətmiş 772 nəfərdən ibarət 268 cinayət qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz saxlanılan 1346 silah, 130 minə yaxın patron götürülüb. İnsan alverinə qarşı mübarizə sahəsində 211 cinayət faktı müəyyən edilərək, 207 nəfər məsuliyyətə cəlb olunub, 23 cinayətkar qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Kollegiyada iştirak edən Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında daxili işlər orqanlarının ötən il cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətini müsbət qiymətləndirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR