Azərbaycan əleyhinə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Gürcüstan vətəndaşı 14 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan əleyhinə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Gürcüstan vətəndaşı 14 il müddətinə azadlıqdan məhrum edilib
# 27 yanvar 2007 12:55 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ermənistanın Xüsusi Xidmət Orqanları ilə iş birliyində ittiham olunan Ariz Xəlilova 14 il iş verilib. Milli Təhlükəsizlik Nazirliyindən İctimaiyyətlə Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, A.Xəlilov Cinayət Məcəlləsinin casusluq və qabaqcadan əlbir olan qrup halında terrorçuluğa hazırlıq maddələri ilə təqsirli bilinir. Araşdırmalar zamanı məlum olub ki, Gürcüstan vətəndaşı, Marneuli rayonunun Sadaxlı kənd sakini Ariz Camal oğlu Xəlilov Ermənistana və əks istiqamətdə yük daşıyaraq, ticarətlə məşğul olub. O, Ermənistana səfərlərinin birində Karen Antonyan adlı polis mayorundan ona himayədarlıq etməsini xahiş edib. K.Artonyan Ermənistanın Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla bərabər, Ermənistanın xüsusi xidmət orqanları ilə də əməkdaşlıq edir. A.Xəlilovun Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə MTN-ə 2004-cü ildə əməliyyat məlumatları daxil olub. A.Xəlilov mütəmadi Ermənistana səfərlər edir, xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşlər keçirirmiş. O, Gürcüstanda yaşayan vətənpərvər soydaşlarımız barədə K.Antonyana məlumatlar verir, Sadaxlı camaatı arasında erməni təbliğatı aparır, ticarət və digər məqsədlərlə Ermənistana səfər edən soydaşlarımızı ermənilərdən asılı vəziyyətə salırmış. A.Xəlilov K.Antonyana onu bəzi gömrük rüsumlarından azad etmək üçün də müraciət edib. A.Xəlilov ilk olaraq qazancının bir hissəsini erməni mayorla bölüşdürsə də, sonradan onun bu xidməti müqabilində xırda tapşırıqlar alır. Tapşırıqlar, əsasən, Sadaxlıda gedən proseslər, camaatın Azərbaycana, müharibəyə münasibəti ilə bağlı olub. Getdikcə isə tapşırıqlar mürəkkəbləşib. A.Xəlilov bir neçə dəfə tapşırıqların icrasından imtina etsə də, K.Antonyan onu şantaj yolu ilə bu tapşırıqları yerinə yetirməyə məcbur edib, sonradan isə ona Azərbaycanda terror aktları törətmək tapşırıqları verilib. Terror hədəfi kimi ilk olaraq neft-qaz infrastrukturu seçilib. Ona Bakıdakı bəzi neft mədənlərində, buruqlarda terror aktlarını törətməyin mümkünlüyünü yoxlamaq tapşırığı verilib. Bu məqsədlə Bakıya gələn casus bəzi neft mədənlərində müşahidələr aparıb. Strateji obyektlər haqqında lazımi məlumatlar topladıqdan sonra Gürcüstana, ordan isə Ermənistana qayıdan A.Xəlilova Bakıya növbəti səfərində Bakı Metropolitenində partlayış törətməyin yollarını araşdırmaq, “Gənclik” metrostansiyasının mühafizəsini yoxlamaq tapşırığı verilir. Lakin metronun ciddi mühafizə olunduğunu görən casus niyyətini həyata keçirə bilməyəcəyini anlayıb və bu barədə sifarişçilərinə məlumat verib. Növbəti tapşırıq isə Bakıdakı ticarət mərkəzlərinin birində partlayış törətmək olub. K.Antonyan partlayış törətmək üçün lazım olan partlayıcı maddələri Bakıya aparmağı da A.Xəlilova tapşırsa da, A.Xəlilov sərhəddə yoxlamanın ciddi olduğunu əsas gətirərək, tapşırığın icrasından imtina edib və partlayıcı maddələrin ona Bakıda verilməsini istəyib. K.Antonyan terror törədəcəyi halda, A.Xəlilova 50 min dollar vəd edib. İl yarım ərzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2006-cı ilin martın 11-də A.Xəlilov MTN-in tərəfindən saxlanılıb. İlkin dindirmələr zamanı o, Ermənistanın Xüsusi Xidmət Orqanları ilə əməkdaşlıq etdiyini boynuna almasa da, sonradan bunu etiraf edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR