Aşura günü münasibətilə ölkədə qanvermə aksiyası keçirilir

Aşura günü münasibətilə ölkədə qanvermə aksiyası keçirilir
# 30 yanvar 2007 11:11 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyalar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə təşkil olunub. Qan verilən yerlərdə Qan Bankının əməkdaşlarından ibarət həkim qrupları fəaliyyət göstərib. Qan Bankının “Əjdərbəy” məscidindəki nümayəndəsi Leyla Məhərrəmova APA-ya açıqlamasında deyib ki, insanlardan alınan qan yoxlamadan keçirildikdən sonra sertifikatlaşdırılır. O, Aşura münasibəti ilə qan vermək istəyən insanların çoxluq təşkil etdiyini deyib: “Burada qan vermək üçün xeyli insan növbədə gözləyir. Bu, çox yaxşı haldır”. L.Məhərrəmovanın görə, insanlardan alınan qan 650-yə qədər talassemiyalı xəstəyə veriləcək.
Bu gün QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də qan verib. “Əjdərbəy” məscidində qan verən A.Paşazadə qanvermə aksiyasını humanizm kimi qiymətləndirib. Şeyx deyib ki, aksiyalar zamanı toplanan qan talassemiyalı uşaqlara verilir: “Bu gün İmam Hüseyn yolunda qan verən insan böyük savab qazanır. Bu çox vacib məsələdir. Belə aksiyaları davam etdirmək lazımdır”. QMİ sədri deyib ki, hər həftənin cümə günü Heydər Əliyev Fondu ilə birlikdə belə aksiyalar təşkil edilir.
Qeyd edək ki, qanvermə aksiyaları axşam saatlarına kimi davam edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR