Kəskin hava şəraiti səbəbindən cənub rayonlarının icra strukturları gücləndirilmiş iş rejiminə keçib

Kəskin hava şəraiti səbəbindən cənub rayonlarının icra strukturları gücləndirilmiş iş rejiminə keçib
# 30 yanvar 2007 11:39 (UTC +04:00)
Yanvarın 28-dən başlanan anomal hava şəraiti cənub bölgəsinin Yardımlı və Lerik rayonlarında bir sıra problem yaradıb. APA-nın cənub bürosunun məlumatına görə, saniyədə 30 metr sürətlə əsən güclü külək Yardımlının enerji təsərrüfatını iflic vəziyyətinə salıb. 200-də çox yüksək gərginli elektrik dirəyi aşıb, elektrik naqilləri qırılıb, 20-dək orta ümumtəhsil məktəbinə ziyan dəyib, rayon xalçaçılıq sexinin dam örtüyü uçub. Təbii fəlakət rayonun fərdi təsərrüfatlarına da ciddi ziyan dəyib, iki Yardımlı sakininin evi və ot yatası yanıb. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyanın sədri Etibar Fərruxov APA-nın cənub bürosuna bildirib ki, rayonun bütün icra strukturları, idarə və təşkilatlar təbii fəlakətin vurduğu ziyanın tezliklə aradan qaldırılması, rayonda normal həyat şəraitinin bərpa edilməsi işinə cəlb olunub. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəza briqadası da artıq hadisə yerinə ezam olunub. Bakıdan Yardımlıya elektrik dirəkləri, naqillər və transformator gətirilib. Dağlara güclü qar yağmasına baxmayaraq, işıqsız qalmış 60 yaşayış məntəqəsini qısa müddətdə enerji ilə təchiz edilməsi üçün lazımi tədbirlər görülür.
Anomal hava şəraitinin törədə biləcəyi fəsadların qarşısını vaxtında almaq üçün Lənkəranda da lazımi hazırlıq işləri görülüb. Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) APA-nın cənub bürosuna verilən məlumata görə, dünən axşam icra başçısı Süleyman Mikayılovun yanında bununla bağlı fövqəladə hallar komissiyanın operativ müşavirəsi keçirilib. Müşavirədə çıxış edən S.Mikayılov rayonun bütün idarə, təşkilat və müəssisə rəhbərlərinə güclü iş rejiminə keçmək, yarana biləcək hər hansı ekstremal şəraitə hazır olmaq, bütün strateji obyektlərə gedən yolları qardan təmizləmək, həmçinin, qazın və elektrik enerjisinin fasilələrin qarşısını almaq barədə tapşırıq verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR