Penitensiar Xidmətin sabiq əməkdaşlarına məhkəmə hökmünün elan olunmasına başlanılıb

Penitensiar Xidmətin sabiq əməkdaşlarına məhkəmə hökmünün elan olunmasına başlanılıb
# 30 yanvar 2007 14:29 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki Penitensiar Xidmət) sabiq rəis müavini Gülməmməd Məmmədov, İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bu sistemin digər keçmiş əməkdaşlarına hökmün elan olunmasına başlanılıb. APA-nın məlumatına görə, prosesdə hakim E. Vəliyev hökmün giriş və təsvir hissəsini elan edib. Hökmün nəticə hissəsi yanvarın 31-də elan olunacaq.
Xatırladaq ki, bu iş üzrə məhkəmə prosesi 7 aya yaxındır davam edir. Penitensiar sistemin keçmiş əməkdaşları ilə bərabər cəzaçəkmə müəssisələrinə ərzaq və digər mal verən firmaların rəhbərləri - ümumilikdə 24 nəfərə qarşı ittiham irəli sürülüb. Həmin şəxslər il ərzində cəzaçəkmə müəssisələrinə ayrılmış ərzaq, dərman və digər malları mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən dəstə üzvləri 5 il ərzində 16 milyard manat məbləğində dövlət əmlakını mənimsəyiblər. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR