Oğurluqla məşğul olan hərbi qulluqçulardan ibarət cinayətkar dəstənin məhkəməsi davam etdirilib

Oğurluqla məşğul olan hərbi qulluqçulardan ibarət cinayətkar dəstənin məhkəməsi davam etdirilib
# 30 yanvar 2007 15:17 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları - Telman Süleymanov, Vüqar İsmayılov və Rafiq Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş qismində zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş Qulam İsmayılov ifadəsində təqsirləndirilən şəxslər tərəfindən evinin qarət edildiyini bildirib: “Mənə təqsirləndirilən şəxslər maddi ziyandan çox mənəvi ziyan vurublar. Mənəvi ziyanı mənə qonşuluqda olan Telman Süleymanov və Vüqar İsmayılov vurub. Onlar evimə basqın edərək apardıqları əşyalarla yanaşı, qalanlarını məhv ediblər”. Digər zərərçəkmiş İzzət Əhmədov ona 25 min dollar ziyan dəydiyini, Azad Abdullayev isə evindən 4200 dollar və xeyli miqdarda qızıl əşya oğurlandığını qeyd ediblər. Məhkəmə prosesi yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, T. Süleymanovun rəhbərlik etdiyi mütəşəkkil dəstə Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq), 181.3.2-ci (quldurluq), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə və ya daşıma), 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR