Qüdrət Həsənquliyevin qardaşını qətlə yetirmiş Anar İsmayılovun dindirilməsinə başlanılıb

Qüdrət Həsənquliyevin qardaşını qətlə yetirmiş Anar İsmayılovun dindirilməsinə başlanılıb
# 30 yanvar 2007 15:38 (UTC +04:00)
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyevi qətlə yetirməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilmiş Anar İsmayılovun dindirilməsinə başlanılıb. A.İsmayılovun vəkili Elman Osmanov APA-ya bildirib ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi A.İsmayılovun cəza çəkdiyi Qobustan qapalı həbsxanasında olub və məhkumdan ifadə alıb. E.Osmanov məhkumun Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiyini xatırladıb. A.İsmayılov müraciətində işgəncə ilə üzləşdiyini və törətdiyi cinayətdən daha ağır cəzaya məhkum olunduğunu göstərib.
Qeyd edək ki, N.Həsənquliyev 2001-ci ildə qətlə yetirilib. Qətldə təqsirləndirilən A.İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji” ASC-nın keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. Hadisədən sonra K.İmanov barəsində axtarış elan edilib. İki ay əvvəl isə A.İsmayılov Q.Həsənquliyevə məktub göndərərək, cinayəti sifarişlə törətdiyini, iş üzrə yenidən araşdırma aparılmasını istədiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR