Misir Mərdanov: “Xanlar rayonunda təhsilin səviyyəsi ümumrespublika səviyyəsindən aşağıdır”

Misir Mərdanov: “Xanlar rayonunda təhsilin səviyyəsi ümumrespublika səviyyəsindən aşağıdır”
# 14 fevral 2007 15:05 (UTC +04:00)
Xanlar rayon icra hakimiyyətinin binasında 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. APA-nın məlumatına görə, toplantıya Xanlar rayonunun mədəniyyət və təhsil idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri ilə yanaşı təhsil naziri Misir Mərdanov və Xanlar rayonundan millət vəkili seçilmiş Rövşən Rzayev də qatılıb. Hesabat iclasında çıxış edən Xanlar rayon icra hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək son bir ildə bir rayonda görülmüş quruculuq işlərindən və digər sahələr üzrə görülmüş işlərdən danışıb. Hesabat iclasında həmçinin tədbir iştirakçıları açıq mikrofon vasitəsi ilə təhsil və digər sahələrdə olan problemlər barədə şikayət və xahişlərini icra başçısına və təhsil naziri Misir Mərdanova çatdırıblar. Son 3 il ərzində respublikanın müxtəlif bölgələrində 735 yeni məktəb binasının tikilib istifadəyə verildiyini bildirən təhsil naziri Misir Mərdanov digər rayon və şəhərlərdə olduğu kimi Xanlar rayonunda da təhsil sistemində neqativ halların baş verdiyini və təhsilin aşağı səviyyədə olduğunu deyib: “Xanlar rayonundan ali məktəblərə qəbul olanların faizi 20.01 faiz təşkil edir. Rayonda orta məktəb məzunlarının ali məktəbə qəbul olma faizi ildən ilə azalır. 2006-cı ildə Xanlar rayonundan cəmi 76 nəfər ali məktəbə qəbul olub. Bu çox aşağı göstəricidir və mənə elə gəlir ki, rayon ictimaiyyəti, rayon təhsil idarəsinin müdiri və məktəb direktorları bu barədə düşünməlidir”. Misir Mərdanov 1 saylı şəhər orta məktəbindən 35 nəfərin ali məktəbə sənəd verdiyini və 6 nəfərin ali məktəblərə qəbul olduğunu deyərək bu göstəricinin Xanlar rayonunda yerləşən məktəblər içərisində ən yüksək göstərici olduğunu bildirib. Məzunlarından heç biri ali məktəbə qəbul olmayan məktəblərin adını çəkən nazir Xanlar rayonunda təhsilin səviyyəsinin respublika səviyyəsindən aşağı olduğunu deyib. İclasda rayonun digər problemləri də ciddi müzakirə olunub və problemdən çıxış yolları barədə fikir mübadiləsi aparılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR