Azərbaycanda alternativ metodologiya əsasında hesablanmış inflyasiya səviyyəsi yanvarda 14,3% olub

Azərbaycanda alternativ metodologiya əsasında hesablanmış inflyasiya səviyyəsi yanvarda 14,3% olub
# 15 fevral 2007 11:01 (UTC +04:00)
Bu gün Bakıda İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Alternativ inflyasiya metodologiyasının işlənməsi Layihəsi”nin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, təqdimatı İTM-in rəhbəri Qubad İbadoğlu açaraq layihənin aktuallaşdırılmasında əsas məqsədin Tarif Şurasının son qiymət artımına dair qərarı ilə bağlı olduğunu bildirib: “Ötən ayın nəticələrinə əsasən, 51 min qiymət barəsində kompüterdə məlumatlar yerləşdirilib. Altı ay ərzində isə təxminən 300 min məlumatın yerləşdirilməsi nəzərdə tutulub”.
USAİD-in iqtisadiyyat və maliyyə layihələrinin idarəedilməsi üzrə rəhbəri Fərid Baxşıyev qey edib ki, layihə iki rüb ərzində maliyyələşəcək və Azərbaycanda inflyasiyanın obyektiv qiymətləndirilməsi aparılacaq.
İTM-in tədqiqat qurupunun rəhbəri Vəfa Mütəllimova bildirib ki, “Alternativ inflyasiya metogologiyasının işlənməsi Layihə”si inflyasiyanın hesablanması üzrə mövcud metodologiyanın qiymətləndirilməsi, inflyasiyanın hesablanmasının Azərbaycan üçün ən uyğun metodlarının müəyyənləşdirilməsi və alternativ inflyasiya hesablanması metodlarının işlənməsini nəzərdə tutur: “Layihə çərçivəsində ölkədə qiymətlərin statistik müşahidəsinin aparılması da planlaşdırılır. Yanvar ayında aparılan araşdırmalara əsasən, ölkədə inflyasiyanın səviyyəsi 14,3% olub. Müvafiq dövrdə Dövlət Statistika Komitəsinin göstəricisi isə 8,3% təşkil edib”.
V.Mütəllimova iştirakçılara proqramın dörd əsas komponenti barədə də məlumat verib. Onun sözlərinə görə, bu, Azərbaycanda inflyasiyanın səviyyəsinin ölçülməsi üçün alternativ metodologiyanın işlənməsi, ölkənin müxtəlif yerlərində keçirilən sorğular əsasında mövcud inflyasiyanın ölçülməsi, hökumətin mövcud antiinflyasiya siyasətinin dəstəklənməsi, neft gəlirlərinin real inflyasiya dərəcəsinə təsirinin müəyyənləşdirilməsidir.
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Bazel Zavoyko layihənin əhəmiyyətli olduğunu və bunun keyfiyyətin artırılmasına təsir göstərəcəyini bildirib.
Qeyd edək ki, layihə çərçivəsində Nazirlər Kabinetində, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində və Dövlət Statistika Komitəsində görüşlər keçirilib. Eyni zamanda, Milli Məclisin deputatları, Milli Bank, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ekspertləri layihə ilə bağlı məlumatlandırılıb və onlarla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR