Qobustan qapalı həbsxanasında cəza çəkən məhbus özünə qəsd edib

Qobustan qapalı həbsxanasında cəza çəkən məhbus özünə qəsd edib
# 15 fevral 2007 16:26 (UTC +04:00)
Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük həbs cəzasına məhkum olunmuş məhbus Mehman Muradov özünə xəsarət yetirib. Bu barədə APA-ya məhkumun bacısı Xuraman Muradova məlumat verib. X. Muradova hadisəsinin beş gün əvvəl baş verdiyini bildirib: “Qardaşım cəzasının 15 illik həbslə əvəzlənməsini tələb edən məhkumlardandır. Səksəndən çox məhkum bu tələblə indiyədək dəfələrlə etiraz aksiyası keçirib, aclıq edib. Amma bütün cəhdlər nəticəsiz qalıb. Sonda qardaşım çıxış yolunu özünə qəsd etməkdə görüb. O, haqqını bu yolla tələb edir. Mehman beş gün əvvəl ürək nahiyəsindən kəsici alətlə özünə xəsarət yetirib. Həbsxanadan bizə verilən məlumata görə, vəziyyəti ağırdır. Ayın əvvəlində onunla görüşəndə bizə özünə xəsarət yetirəcəyini demişdi, amma bunu edəcəyinə inanmadıq”. Ailə üzvləri bu gün M. Muradovla görüşmək üçün Qobustan qapalı həbsxanasına getsələr də, onlara görüş verilməyib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məhkumun özünə xəsarət yetirməsi faktı təsdiqlənib. Xidmətdən APA-ya bildirilib ki, M. Muradov fevralın 10-da saat 09.50 radələrində özünə qarının ön divarının sol tərəfindən daxilə nüfuz etməyən xəsarət yetirib. Ona ilkin tibbi yardım göstərilib. Məhkum həbsxananın sanitar tibb hissəsinə köçürülməkdən imtina edib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Penitensiar Xidmətdən o bildirilib ki, M. Muradovun özünə xəsarət yetirməsinin səbəbi barəsindəki hökmün dəyişdirilməsini istəməsidir. Onun saxlanma şəraitindən şikayəti olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR