Lənkəranda mühüm dövlət obyektlərinin yerləşdiyi bina qəza vəziyyətinə düşüb

Lənkəranda mühüm dövlət obyektlərinin yerləşdiyi bina qəza vəziyyətinə düşüb
# 16 fevral 2007 13:30 (UTC +04:00)
Bu gecə saat 05:00 radələrində Lənkəran rayonda Milli Bankın Lənkəran ərazi şöbəsinin, Beynəlxalq Bankın Lənkəran filialının, rayon təhsil şöbəsi, “Aqrar kredit” qeyri-bank kredit təşkilatının filialı, Lənkəran şəhər bələdiyyəsi, Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsi, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin yerli bölmələrinin yerləşdiyi binada çatlar əmələ gəlib. APA-nın cənub bürosunun məlumata görə, binanı mühafizə edən polis işçiləri çatların əmələ gəlməsi nəticəsində güclü səs eşidiblər və bununla bağlı dərhal rayon rəhbərliyinə, yerli fövqəladə hallar komissiyasına məlumat veriblər. Rayon rəhbərliyi hadisə yerinə gələrək, binaya baxış keçiriblər. Baxış nəticəsində binanın orta hissəsində olan sütunun aşağı hissədən ovulduğu və binanın qəza vəziyyətində olduğu müəyyənləşib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub. Hazırda nazirliyin əməkdaşları ərazidə araşdırma aparırlar. Nazirliyin “Azərbaycanbaşdövlətlayihə” İnstitutunun direktoru Yaşar Mirzəzadənin başçılıq etdiyi mütəxəssislər qrupu dərhal Lənkərana ezam edilib. Binaya baxış keçirdikdən sonra Y. Mirzəzadə bildirib ki, binanın yükdaşıyan dəmir-beton sütunu ağır yük nəticəsində dağılıb. Onun sözlərinə görə, bina dərhal boşaldılmalı, təşkilatlar buradan çıxarılmalı və ərazi nəzarətə alınmalıdır. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə bu təşkilatların başqa yerdə fəaliyyətini davam etdirməsi üçün hər cür şərait yaradılacağını söyləyib. Qeyd edək ki, sabah Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri binaya növbəti baxış keçirəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR