Terrorçuluqda ittiham edilən Qusar sakininin Dağıstana qaçdığı ehtimal olunur

Terrorçuluqda ittiham edilən Qusar sakininin Dağıstana qaçdığı ehtimal olunur
# 16 mart 2007 09:51 (UTC +04:00)
Fevralın 14-də Xaçmazda polislə baş verən qarşıdurmadan sonra qaçmağa müvəffəq olan Qusar sakini Araz Balabəyovun Dağıstan ərazisinə keçdiyi barədə məlumatlar yayılıb. Xəbərə aydınlıq gətirmək üçün APA-nın şimal bürosu Xaçmaz rayon polis şöbəsinin rəisi Cavad Şıxəliyevlə əlaqə saxlasa da, idarə rəisi A. Balabəyovun axtarışı ilə Qusar polisinin məşğul olduğunu bildirib. Qusar rayon polis şöbəsindən isə deyilib ki, axtarışı davam etdirilən A. Balabəyovun Dağıstan ərazisinə keçməsi ehtimallardan biridir.
Qeyd edək ki, fevralın 14-də Xudat polis bölməsinə zəng edən qadın naməlum şəxs tərəfindən hədələndiyi barədə məlumat verib. Həmin ünvana gedən polis əməkdaşları A. Balabəyovu yaxalamaq istəyərkən o, əməliyyatçılara müqavimət göstərib və üzərindəki əl qumbarasını partladacağını söyləyib. Onun üzərində "TT" markalı iki tapança və dörd əl qumbarası olub. Bu səbəbdən də polislər onu buraxmalı olublar. Qusar rayonunun Əvəcuq kənd sakini A. Balabəyovun əvvəllər Çeçenistandakı qanunsuz silahlı birləşmənin tərkibində vuruşduğu, vəhhabi təriqətinin və "Sadval" separatçı təşkilatının üzvü olduğu bildirilir. Bundan əlavə, o, Bakı, Zaqatala və Qusarda müxtəlif vaxtlarda cinayət əməlləri törətməkdə də ittiham olunur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR