Salyanda bir qrup ticarətçi Salyan-Astara avtomobil yolunu bağlamağa cəhd göstərib

Salyanda bir qrup ticarətçi Salyan-Astara avtomobil yolunu bağlamağa cəhd göstərib
# 30 iyun 2007 08:56 (UTC +04:00)
Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun APA-ya verdiyi məlumata görə, yanğın təhlükəsi bəhanəsi ilə bazarın fəaliyyəti bir həftədir dayandırılıb. Nəticədə ticarət mərkəzində alver edən 300-ə yaxın adam iş yerini itirmək təhlükəsi ilə üzləşib. Dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə (RİH) edilən müraciətlər də cavabsız qalıb. Bazarda alver edən rayon sakinləri isə buna etiraz əlaməti olaraq bu gün səhər saatlarından ticarət mərkəzinin qarşısına toplaşaraq bazarın açılmasını tələb ediblər. Sonra onlar Salyan-Astara avtomobil yolunu bağlamaqla istəklərinə nail olmağa cəhd göstəriblər. Lakin əraziyə göndərilən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları aksiya iştirakçılarının avtomobil yolunu bağlamaq cəhdinin qarşısını alıblar. Sənaye bazarının (İran bazarı) sahibi Füzuli Həsənov isə APA-ya açıqlamasında baş verən insidentə görə Salyan RİH-in başçısı Rasim Bəşirovu ittiham edib: “Rayon rəhbərliyinin tapşırığı ilə bazarın əlavə qapıları bağlanıb və nəticədə təhlükəli vəziyyət yaranıb. Bir həftə öncə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovun tapşırığı ilə bazarın fəaliyyəti dayandırılıb. Burada çalışan insanlar da buna etiraz edir. Mən heç nə edə bilmirəm”.
Salyan RİH başçısının köməkçisi Mahir Lalayev ünvanlarına söylənən ittihamları təkzib edib. O, rayonda yeni və daha normal şəraiti olan bazarın inşa edildiyini, Sənaye bazarında alver edənlərin əksəriyyətinin ora köçürüldüyü deyib: “Heç kim o bazarı bağlatdırmayıb. Sadəcə, bu bazarda antisanitariya vəziyyəti hökm sürdüyündən, onun rəhbərliyinə xəbərdarlıq edilib. Nəticəsiz qaldığından, kənd təsərrüfatı mallarının satışı üçün yeni bazar tikilib. Sənaye bazarında alver edələr də yeni ticarət mərkəzinə dəvət edilir”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR