ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyev polis əməkdaşını güllələyib

ADP Balakən rayon təşkilatının sədri Nizami Quliyev polis əməkdaşını güllələyib
# 30 iyun 2007 11:26 (UTC +04:00)
ADP-nin sədr müavini Həsrət Rüstəmovun APA-ya bildirdiyinə görə, N. Quliyev dünən vəzifəsindən və partiya sıralarından istefa verməsi ilə bağlı rayon təşkilatının Məclisinə yazılı şəkildə müraciət edib. H. Rüstəmov N. Quliyevin ruhi sarsıntı içində olduğunu da deyib: “Müraciətdən sonra dünən onunla telefonla danışdım. O, maddi imkansızlıqdan əziyyət çəkdiyini, müxalifətçi olduğu üçün rayonda təzyiqlərlə üzləşdiyini söyləyib. Sonra o mənə işıq pulu yığanlarla arasında mübahisəsi yarandığını, işığının kəsiləcəyi təqdirdə, ciddi problemlər yaranacağını dedi. Mən isə onu fikrindən daşındırmağa çalışdım. Hazırda o, ADP üzvü olmada da, partiya rəhbərliyi baş verənlərdən təəssüflənir”. Balakən rayon Polis Şöbəsinin növbətçi hissəsindən fakt təsdiqlənib. Növbətçi hissədən APA-ya bildirilib ki, rayon sakini Nizami Quliyev dünən evinə gələn rayon elektrik şöbəsinin əməkdaşları ilə mübahisə edib və bildirib ki, işığını kəssələr, onları öldürəcək. Məsələ ilə bağlı polis şöbəsinə məlumat verildikdən sonra bu gün həmin ünvana polis əməkdaşları göndərilib. Lakin N. Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşlarını atəşlə qarşılayıb. Onun ov tüfəngindən açdığı atəş nəticəsində polis əməkdaşlarından biri yaralanıb, N. Quliyev özü isə hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması üçün əməliyyat keçirilir. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR