İrandan Azərbaycana külli miqdarda qanunsuz narkotik vasitələrinin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda qanunsuz narkotik vasitələrinin keçirilməsinin qarşısı alınıb
# 01 oktyabr 2007 10:35 (UTC +04:00)
DİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) İran vətəndaşlarının Cəlilabad rayonunun Cəfərli və Edişə kəndlərində mütəmadi olaraq narkotik alveri ilə məşğul olduqları barədə məlumat daxil olub. Məlumatda, həmçinin, narkotik alverçilərinin avtomatla silahlandığı bildirilib. Əməliyyat məlumatlarından o də bəlli olub ki, növbəti narkotik alveri sentyabrın 17-dən 18-ə keçən gecə həyata keçiriləcək. Beləliklə, BNMİ əməkdaşları həmin gün saat 22.00 radələrində Cəlilabad rayonunda əməliyyat axtarış tədbirlərinə başlayıblar. Bir neçə əməliyyatçı VAZ-2107 markalı avtomobillə hərəkət edərkən İranla sərhəd yaxınlığında əlində iki çanta olan və özünü şübhəli aparan şəxsə yaxınlaşaraq, çantanın içində nə olduğunu soruşublar. Həmin şəxs qaçmağa cəhd göstərsə də, polis əməkdaşları onu zərərsizləşdiriblər. Elə bu vaxt təxminən 15-20 metr məsafədən polis əməkdaşlarına iki istiqamətdən avtomat silahlardan atış açılıb. Tutulan şəxs qarışıqlıqdan istifadə edərək qaçmağa cəhd göstərsə də, buna imkan verilməyib. Cavab atəşlərindən sonra narkotik alverçiləri hadisə yerindən sərhəd istiqamətinə qaçıblar. Atışma nəticəsində xəsarət alan olmasa da, cinayətkarlar əməliyyatçıların istifadə etdiyi VAZ-21-07 markalı avtomobili güllə-baran ediblər. Tutulan şəxs İran vətəndaşı, 1977-ci il təvəllüdlü Nəsiri Şəhruz Şükür oğlu bildirib ki, əlindəki bağlamada tiryək və heroin var. Həmin narkotik vasitəni ona İranın Germi rayonunda Kamil adlı şəxs verib. Şəhruz onu da deyib ki, o narkotiki burada tanımadığı alıcıya verməli imiş. Hadisə yerinə baxış keçirən polis əməkdaşları təxminən yüz metr aralıda narkotik alverçilərinin istifadə etdiyi silahlardan biri olan yerə atılmış avtomatı aşkarlayıblar. Silahdan təxminən 10 metr aralıda isə parça və sellofan torbalarda əlavə olaq tiryək və heroin tapılıb. Eyni zamanda silahlı cinayətkarların açdığı atəşlərdən sonra səpələnmiş halda xeyli miqdarda avtomat patronlarının gilizləri aşkar edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Şəhruz Həsirinin və onunla birlikdə cinayətdə iştirak edən digər iki nəfər İran vətəndaşının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdikləri ümumi çəkisi 5 kiloqram 80 qram olan heroin və 17 kiloqram 65 qramdan çox tiryək götürülərək istintaq orqanlarına təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR