Culfada qədim su kanalının qalıqları aşkarlanıb

Naxçıvan. Samir Cabbarov - APA. Culfa rayonunun Dizə kəndi yaxınlığında qədim su kanalının qalıqları aşkar edilib. AMEA Naxçıvan bölməsindən APA-ya verilən məlumata görə araşdırma nəticəsində qədim dövrlərdə çəkilən su kanalının Cərəcür çayının suyunu Dizə kəndi ətrafındakı torpaqlara çatdırmaq üçün çəkildiyi, bu məqsədlə çayın qarşısı kəsilərək suyun torpaqda qazılmış kanala yönəldiyi müəyyənləşdirilib. Kanalın suyunu dağın ətəyindən keçirmək üçün mürəkkəb hidrotexniki qurğu da inşa olunub ki, qurğu sel sularının qarşısını almaq üçün qaya parçalarından hörülən hündür divardan ibarətdir. Divarın hündürlüyü bəzi yerlərdə dörd metrdən artıqdır. Araşdırmalar zamanı o da məlum olub ki, hələ qədim dövrlərdə sel sularının axması üçün divarda xüsusi novdanlar qoyulub və onun təbii fəlakətlərdən qorunması təmin edilib. Arxeoloji qazıntılar zamanı kanalın ətrafında salınan mövsümi yaşayış yerindən bir hissəsi eramızın ilk əsrlərinə, bir hissəsi orta əsrlər dövrünə aid çəhrayı rəngdə bişirilmiş keramika nümunələri də tapılıb. Adıçəkilən su kanalından eramızın əvvəllərindən orta əsrlərədək istifadə edildiyi müəyyənləşdirilib.