24 il əvvəl ustanı öldürüb, meyitini soyuducuda gizlədən şəxsə hökm oxunub

24 il əvvəl ustanı öldürüb, meyitini soyuducuda gizlədən şəxsə hökm oxunub
# 16 noyabr 2022 13:05 (UTC +04:00)

Bakıda 24 il əvvəl qətl törətməkdə ittiham olunan Elnur Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də, saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılmış istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR