Ağstafada 4 nəfəri güllələyib öldürən şəxsin məhkəməsi başlayıb

Ağstafada 4 nəfəri güllələyib öldürən şəxsin məhkəməsi başlayıb
# 11 yanvar 2020 10:49 (UTC +04:00)

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 14-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında baş verib.

E.Süleymanov odlu silahla bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanı, oğlanları Novruz və Şəmiddini, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı qətlə yetirib, daha 3 nəfəri isə ağır yaralayıb. Hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya olunub.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmaz istintaq, əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup Ağstafa rayonuna ezam olunub.

E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma), 206.1-ci (qaçaqmalçılıq), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR