Ali Məhkəmənin növbəti Plenumu keçirilib

Ali Məhkəmənin növbəti Plenumu keçirilib
# 19 fevral 2021 15:22 (UTC +04:00)

Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Ali Məhkəmədən APA-ya verilən məlumata görə, sədr Plenum iclasını açaraq bildirib ki, 2020-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb:

"Bu hadisələrin ən önəmlisi müzəffər Ali Baş Komandanın, möhtərəm cənab Prezident İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə 30 il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi olub. Bu zəfər xalqımızı daha da bütövləşdirib, milli həmrəyliyimizi gücləndirib.

Ötən ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı bir sıra işlər görülüb. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib".

Ramiz Rzayev qeyd edib ki, 2020-ci ildə koronavirus (COVID-19) infeksiyasının bütün dünyada olduğu kimi, ölkəmizdə də həyatın bütün digər sahələri ilə bərabər məhkəmə fəaliyyətinə də təsirsiz ötüşməyib:

"Nazirlər Kabinetinin müvafiq qərarları əsas götürülərək məhkəmələrdə bir neçə dəfə müəyyən müddətlik təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınıb. Ali Məhkəmə pandemiya vəziyyəti ilə bağlı bir neçə dəfə mövcud koronavirus infeksiyası dövründə məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yayıb.

Bu hal bütün digər problemlərlə yanaşı həm də böhran vəziyyətlərində ədalət mühakiməsi sisteminin çalışmasını təmin etmənin alternativ yollarını düşünməyə dair yeni çağırışlarla üz-üzə qoyub. Bu məqsədlə məhkəmələrin ənənəvi qaydada fəaliyyətlərini təmin etməyin mümkün olmadığı böhran vəziyyətlərində məhkəmələrin idarə olunmasına və təməl prinsiplərə riayət etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni yanaşmalar işlənib hazırlanmalıdır.

2020-ci ilin koronavirus infeksiyası səbəbindən məhdudiyyətlərlə dolu bir il olmasına, işlərə baxılmasında müəyyən müddətlik təxirlərin yaranmasına baxmayaraq Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam edib".

Ali Məhkəmənin sədri deyib ki, Ali Məhkəmənin Aparatı da 2020-ci ildə öz fəaliyyəti ilə müsbət mənada seçilib:

"Belə ki, milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədi ilə Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirilib. Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilmiş, eyni zamanda bəzi məsələlər üzra məhkəmə fəaliyyətinin monitorinqlərin aparılmasına başlanıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib və müvafiq rəy və təkliflər veriliib.

2020-ci ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23878 müraciət daxil olub və müvafiq qaydada müraciətlərə baxılıb və ya cavablandırılıb. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci ilin mart ayından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilib. Bu dövr ərzində Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunub. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı izahlar verilib, eyni zamanda təqdim edilmiş müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib".

Ramiz Rzayev bildirib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir:

"Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir. 2020-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü olub. Bu şəbəkə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilmiş məhkəmələr arasında informasiya mübadiləsinin aparılması üzrə platformasının yaradılmasını nəzərdə tutur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə xidmət edir. 2020-ci il 30 noyabr tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”-nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin iştirakı ilə “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda konfrans keçirilib.

İnternet səhifələrində Ali Məhkəmənin daim yeniləşdirilən saytı yerləşdirilib. Həmin saytda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş qərarlar və digər məlumatlar yayılır. Hər bir vətəndaş və media əməkdaşı Ali Məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilər. İkinci Vətən Müharibəsi ilə bağlı bəyanatlar tərtib edilmiş və Ali Məhkəmənin veb-saytında dərc edilmişdir. Ali Məhkəmənin veb-saytında yaradılmış “Qarabağ Azərbaycandır!” interaktiv bölməsi Azərbaycan dilində tərtib edilmiş, rus və ingilis dillərinə müvafiq tərcümələr edilib, həmçinin Facebook və Twitter sosial şəbəkələrində müxtəlif xəbərlər və məlumatlar dərc edilib. “Elektron məhkəmə informasiya sistemi” və Azərbaycan Respublikasının Ali Məhkəməsində mövcud informasiya texnologiyaları infrastrukturu üzrə aparılmış təkmilləşdirmə, modernizasiya və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq işlər görülüb".

Sədr deyib ki, plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib.

Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR