Avstraliyada meşə yanğınları nəticəsində 8 nəfər ölüb

Avstraliyada meşə yanğınları nəticəsində 8 nəfər ölüb
# 01 yanvar 2020 11:40 (UTC +04:00)

Avstraliya hökuməti geniş miqyaslı yanğınların əhatəsində qalan Mallakuta şəhər sakinlərinə kömək məqsədi ilə vertolyotlar və hərbi gəmilər göndərib.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, yanğın Yeni Cənubi Uels və Viktoriya ştatları , o cümlədən sahil zonalarında geniş əraziləri əhatə edir.

Mallakuta şəhərində 4 min insan faktiki yanğın mühasirəsində qalıb, ölkənin digər yaşayış məntəqələrinə gedən yollar yanğınların tüğyan etdiyi ərazilərdən keçir. Yanğın əhatəsində qalan şəhər sakinləri çimərliklərdə sığınacaq axtarır. İnsanların bir qismi yanğından xilas olmaq üçün qayıqlarla dənizə çıxıblar. Yanğın bir sıra ərazilərdə çox güclü olduğu, ətrafı qatı tüstü bürüdüyü üçün havadan söndürülməsi mümkün deyil.

Şəhər sakinlərinə kömək üçün Sidneydən Hərbi Dəniz Qüvvələrinə məxsus “Choules” və “MV Sycamore” gəmiləri göndərilib. Gün ərzində əraziyə “S-70A Black Hawk” tipli iki və “MRH-90 Taipan” tipli bir vertolyot göndəriləcək. Şənbə günü isə “CH-47 Chinook” tipli iki vertolyot Mallakutayə göndərilib.

Viktoriya ştat polisi isə “Twitter” səhifəsində yazıb ki, şəhər əhalisinə kömək üçün sahilə göyərtəsində 1,6 ton su, dərman vasitələri və ərzaq olan üç polis gəmisi göndərilib.

ABC telekanalı yanğın nəticəsində Yeni Cənubi Uels ştatında 7 nəfərin öldüyü, yanıq xəsarəti alan üç nəfərin hava nəqliyyatı, 2 nəfərin isə təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayıb. Viktoriya ştatının Bakan şəhərində isə yanğın bir nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, Avstraliyada yanğınlar nəticəsində 3 milyon hektardan çox meşə sahəsi məhv olub. Bundan əvvəl Sidneydə və Yenİ Cənubi Uels ştatında fövqəladə vəziyyət elan olunub. Müntəzəm davam edən yanğınlar nəticəsində son həftələr Sidneydə qatı tüstü müşahidə olunur. Alimlər yanğınların baş verməsini qlobal iqlim dəyişməsi ilə əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR