Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı 7,5% azalıb

Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı 7,5% azalıb
# 10 avqust 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6% azalaraq 1026 nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 325-i həlak olub, 701-i isə yaralanıb. Hadisələrin 41,7%-i gündüz, 36,3%-i gecə, 22%-i isə toran vaxtı baş verib, 29,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,2%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1% azalaraq 650 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,8%-i nəqliyyat vasitələrinin və piyadaların, 34,6%-i bir neçə nəqliyyat vasitəsinin, 23,6%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2%-ni, yaralananların isə 74,2%-ni kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2020-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1565,7 min olub. Xətaların 39,9%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9%-i dayanma və ya durma qaydalarının pozulması, 10,1%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9%-i epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6%-i icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 52,6 mln. manat məbləğində cərimələr tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR