Bacısının sevgilisini öldürən keçmiş məhkuma hökm oxunub

Bacısının sevgilisini öldürən keçmiş məhkuma hökm oxunub
# 19 dekabr 2019 17:37 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Mehrac Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Qəhrəmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 30 yaşlı Orxan Əliyev döyülərək qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində O.Əliyevi döyərək öldürən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Mehrac Qəhrəmanov hadisəni törətməzdən bir neçə gün əvvəl həbsxanadan çıxıb. Dəfələrlə məhkum olunan M.Qəhrəmanov azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib.

O, bacısının telefonda yazışdığı şəxsi – Orxanı axtarıb tapıb. Orxanla görüşən Mehrac onunla dalaşıb, döyərək çoxsaylı xəsarətlər yetirib. Bacısının sevgilisini öldürdükdən sonra meyitini “Nəsimi bazarı”nın yaxınlığındakı binalardan birinin zirzəmisinə atıb.

Törətdiyi əməlinə görə M.Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR