Bakıda 211 nəfərə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayır

Bakıda 211 nəfərə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayır
# 08 yanvar 2020 14:08 (UTC +04:00)

Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldararaq dələduzluq etməkdə təqsirli bilinən Məcid Məcidov, Elvin Məhərrəmov və Ceyhun Qələbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.

İttihama görə, ötən ilin martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verib, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının tədbirləri nəticəsində qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib.

O və cinayətkar dəstənin digər üzvləri - paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

Cinayət işi üzrə 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR