Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb - YENİLƏNİB - RƏSMİ

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb - YENİLƏNİB - RƏSMİ
# 23 fevral 2021 15:40 (UTC +04:00)

Fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

saat 15:15

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR