Bakıda dəm qazından boğulan 5 nəfərdən 3-ü tələbədir

Bakıda dəm qazından boğulan 5 nəfərdən 3-ü tələbədir
# 23 fevral 2021 15:56 (UTC +04:00)

Bakıda bir evdə dəm qazından boğularaq ölən 5 nəfərdən 3-ü tələbədir.

APA-nın əldə etdiyi məlumata görə, onlardan ikisi - Lətif Əliyev Azərbaycan Texniki Universitetinin tələbəsidir. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə başqa bir ali təhsil müəssisəsində oxuyurmuş. Onlar həmin evdə kirayədə yaşayırmışlar. Onlarla birgə dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyirmiş.

Qeyd edək ki, bu gün saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR